Azərbaycan NATO-nun etibarlı tərəfdaşı və qardaş Əfqanıstan xalqının dostu kimi 2016-cı ildə sülhməramlı hərbi birləşmə, çoxşaxəli nəqliyyat, təlim və maliyyə yardımını təmin etməklə Qətiyyətli Dəstək Missiyasına öz əhəmiyyətli töhfəsini verməyə davam etmək işinə sadiq qalmaqdadır.
Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov NATO Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin dekabrın 7-də Brüsseldə keçirilən iclasında deyib.
“Mənim ölkəm bir neçə dəfə Əfqanıstan Milli Ordusunun (ƏMO) Etimad Fonduna əhəmiyyətli miqdarda ianə edib. Götürdüyümüz öhdəliklərə uyğun olaraq bu fonda maliyyə dəstəyini davam etdirəcəyik. Bundan əlavə, Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra gücləndirilmiş Davamlı Tərəfdaşlıq vasitəsi ilə töhfə verməyi nəzərdə tuturuq”, o qeyd edib.
Eyni zamanda, Azərbaycan ikitərəfli əməkdaşlıq, habelə müvafiq çoxtərəfli və regional formatlar vasitəsilə Əfqanıstanla uzunmüddətli siyasi tərəfdaşlıq və praktik əməkdaşlığa sadiqdir.
“Biz regional və qlobal iqtisadiyyata inteqrasiya istiqamətində Əfqanıstanın islahatlar kursunu dəstəkləyirik. Yeni İpək Yolunun mühüm tərkib hissəsi olan Azərbaycan Əfqanıstanın davamlı gələcəyini dəstəkləmək məqsədilə bu ölkə və Avropanı birləşdirəcək. Əfqanıstan və ondan kənarda davamlı sülh və inkişafı təmin etməyə kömək edən Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycandakı yeni Ələt dəniz limanı Asiyanı Avropaya daha da bağlayacaqdır", Məmmədyarov qeyd edib.