Accessibility links

Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə edilib


Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə Dağlıq Qarabağ müzakirəsi
Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə Dağlıq Qarabağ müzakirəsi

Vyanada Azərbaycan prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiya xarici işlər naziri Sergey Lavrovun, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Sayt görüşün detalları ilə bağlı məlumat vermir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşün yekunları ilə bağlı jurnalistlərə deyib ki, prezidentlər iyunda Dağlıq Qarabağ münaqişəsinin yekun həlli üçün növbəti görüşün yeri və vaxtı ilə bağlı razılığa gələcək.

“Associated Press” agentliyinin xəbərində deyilir ki, Vyana görüşündə Ermənistan və Azərbaycana təmas xətti boyunca kameraların yerləşdirilməsi və atəşkəsin pozulması hallarının qedə alınması və müşahidəçilərin artırılması təklif olunub.

Agentlik bildirir ki, danışıqlar məxfi xarakter daşıdığına görə rəsmilər bu məlumatı anonim şəkildə veriblər. ABŞ rəsmiləri son toqquşmalarda ağır texnikadan istifadədən xüsusilə narahatlıq keçirdilklərini bildirirlər.

Rəsmilər vurğulayırlar ki, bu regionda Türkiyənin Azərbaycanı güclü şəkildə dəstəkləməsi və Ermənistanın Rusiya ilə vahid müdafiə təşkilatında olması münaqişəni potensial baxımdan daha təhlükəli edir.

Eyni zamanda, adının çəkilməsini istəməyən ABŞ rəsmisi AFP agentliyinə deyib ki, “Bu həll olunan münaqişədir. Bəzi elə münaqişələr var ki, onları sadəcə olaraq idarə etmək lazımdır. Amma bu münaqişə həll oluna bilər”.

ABŞ Dövlət Departamentinin vəzifəli rəsmisi daha sonra AFP-yə deyib: “Burada hər iki tərəf üçün əlverişli nəticə əldə etmək olar”.

Həmin rəsmi əlavə edib ki, Suriya məsələsindən fərqli olaraq Qarabağ məsələsində Moskva və Vaşinqton arasında fikir ixtilafı yoxdur.

XS
SM
MD
LG