Accessibility links

Əli Həsənov: Azərbaycan Avropa inkişaf yolunu seçib


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Bakıda “Azərbaycanın Avropa yolu: irəliləyişlər və imkanlar” mövzusunda konfrans keçirilir

Mayın 24-25-də “Azərbaycanın Avropa yolu: irəliləyişlər və imkanlar” mövzusunda keçirilən konfransda Azərbaycanın Avropaya inteqrasiya perspektivləri müzakirə olunub. Tədbir Almaniyanın Konrad Adenauer Fondu və SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən təşkil olunub.

Adenauer Fondunun nümayəndəsi Cens Paulyus görüşü açaraq qeyd edib ki, Azərbaycan Avropanın maraqlar mərkəzində yerləşir. Dünyanın qeyri-sabit hissəsində yerləşən Azərbaycan regionun təhlükəsizlik arxitekturasına öz töhfəsini verir.

Sonra Prezident Administrasiyasının ictima-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib. O bildirib ki, Azərbaycan müstəqillik əldə etdiyi andan Avropa inkişaf yolunu seçib.

“Avropa inkişaf yolu Azərbaycan xalqının maraqlarına cavab verir, onun tarixi ənənələrinə uyğundur. Azərbaycan öz gələcəyini Avropaya inteqrasiyada görür”, - Həsənov bildirib.

Ə.Həsənov Azərbaycanın NATO ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Deyib ki, Bakı bu hərbi alyansa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmaq niyyətində deyil, amma Qoşulmamaq Hərəkatında iştiraka üstünlük verir.

Eyni zamanda qeyd edib ki, gələcəkdə Azərbaycan hərbi bloklarda iştirak barədə qərar qəbul edə, hər hansı təşkilata daxil ola bilər, əgər “milli maraqlar tələb edərsə”.

Berlin ilə əlaqələrə toxunan Ə.Həsənov bildirib ki, Azərbaycanla Almaniya arasında yaxşı tarixi əlaqələr var və bu, bundan sonra da davam edəcək.
“Biz Avropa İttifaqında Almaniyanın həlledici rolunu tanıyırıq. Biz milli maraqlarımız nəzərə alınmaqla, Azərbaycanın müstəqilliyinə və Azərbaycan xalqının seçiminə hörmət edilməklə əməkdaşlığa tərəfdarıq”, - Ə.Həsənov bildirib.

Kansler Helmut Kol administrasiyasının keçmiş üzvü Friedhelm Ost enerji resurslarına görə Avropanın Azərbaycana marağını təkrar edib. Avropa Mərkəzi Asiya resurslarına öz çıxışını Azərbaycan vasitəsilə görür.

Avropa İqtisadi Şurasının prezidenti İnqo Fridrix qeyd edib ki, Avropanın “Şərq tərəfdaşlığı”nın digər üzvləri kimi Azərbaycanla münasibətləri yalnız iqtisadi maraqlara deyil, həm də ümumi demokratik dəyərlərə əsaslanır.

“Avropada siyasətçilər tənqidə normal yanaşırlar və buna adət ediblər. Almaniyada siyasətçiləri heç zaman tərifləmirlər”, - ekspert vurğulayıb.
Konfrans davam edir
XS
SM
MD
LG