Accessibility links

Azərbaycan-İran biznes forumu keçirilib


Azərbaycan və İran xəritəsi
Azərbaycan və İran xəritəsi

Forum Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası tərəfindən təşkil olunub

Dekabrın 17-də Bakıda Azərbaycan və İran iş adamlarının iştirakı ilə biznes forum keçirilib.

APA agentliyinin məlumatına görə, forum Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası tərəfindən təşkil olunub.

ASK sədri Məmməd Musayev bildirib ki, Azərbaycanla İran arasındakı ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar mövcuddur.

“Azərbaycan tərəfi İranla ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələri genişləndirilməsində maraqlıdır. Bu gün Azərbaycan şirkətləri Qazaxıstan, Rusiya və digər ölkələrə sərmayələr yatırır və bu ölkələrdə böyük işlər görürlər. Artıq son illər Azərbaycan şirkətləri qeyri-neft sahəsinə olduqca böyük həcmdə sərməyə yatırıblar”, o qeyd edib.

Konfederasiya başçısı güman edir ki, yaxın zamanlarda İran bazarında da Azərbaycan məhsullarını görmək mümkün olacaq.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib ki, bugünkü biznes forum iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün bir vasitə olacaq.
Onun sözlərinə görə, İranın dövlət başçısı qonşu ölkələrlə istər iqtisadi, istərsə də siyasi əlaqələrin daha da genişləndirilməsini vacib sayır.

Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Yəhya Əli-İshaq deyib ki, bu gün iki ölkə arasında ticarət dövriyyəsi 500-600 mln. dollar təşkil edir ki, bu da olduqca azdır.

Onun sözlərinə görə, iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq üçün böyük imkanlar var:

“Hazırda İran 100 mlrd. dollarlıq məhsul idxal edir. Həmçinin, İranda elm və konsaltinq sahələrində olduqca iri şirkətləri fəaliyyət göstərir. Onlar da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. İranda tikinti, neft-kimya, qida sənayesi, elektrik avadanlıqları sahəsində də xeyli şirkət var ki, onlar da özlərini tanıda biliblər”, səfir bildirib.

Sonda səfir Azərbaycan şirkətlərini İranda iş qurmağa dəvət edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) vitse-prezidenti Vidadi Quliyev deyib ki, bu gün Azərbaycanda 390 İran şirkəti fəaliyyət göstərir.

Onun sözlərinə görə, onların böyük hissəsi bank, sığorta, qida və istehsal sənayesində məşğul olan şirkətlərdir.

V.Quliyev İran şirkətlərini Azərbaycanda yaradılmış iqtisadi əlaqələrdən istifadə edərək, ölkəyə dəvət edib.

İran Sahibkarlar Assosiasiyaları Konfederasiyasının baş katibi Məhəmməd Ataredian isə bildirib ki, onun rəhbərlik etdiyi qurumda 1 mln.-dan artıq sahibkar cəmləşib.

O, qurum barədə ətraflı məlumat verərək deyib ki, Konfederasiya bir neçə beynəlxalq təşkilatın üzvüdür və müxtəlif beynəlxalq qurumlarda təmsil olunur.

İşgüzar görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası və İran Sahibkarlar Assosiasiyaları Konfederasiyası arasında əməkdaşlıq müqavilələri imzalanıb. Azərbaycan tərəfindən sənədi Məmməd Musayev, İran tərəfindən Y.Əli-İshaq və M.Ataredian imzalayıblar.

Sonda hər iki ölkə haqqında təqdimatlar keçirilib, həmçinin iki ölkənin iş adamları arasında iki tərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
XS
SM
MD
LG