Accessibility links

Azərbaycan-İtaliya münasibətləri müzakirə edilib


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Senatının Avropa İttifaqı siyasəti daimi komissiyasının sədri, senator Vanino Kiti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan-İtaliya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Nazir Azərbaycan və İtaliya arasında mövcud ikitərəfli əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı münasibətlərinə müsbət təsir göstərdiyini qeyd edib.

Senator Vanino Kiti Azərbaycanın həm Avropa İttifaqı, həm də İtaliya üçün mühüm tərəfdaşlardan biri olduğunu bildirib.

“İtaliya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verir. İrimiqyaslı enerji layihəsi Cənub Qaz dəhlizinin vacib komponentləri olan TAP və TANAP layihələrinin Avropa İttifaqı, xüsusilə də İtaliya üçün strateji əhəmiyyəti var”, o qeyd edib.

Nazir Məmmədyarov İtaliya və Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivləri, ölkəsinin bu istiqamətdə həyata keçirdiyi siyasət barədə danışıb.

“İtaliya-Azərbaycan arasında imzalanmış Strateji Əməkdaşlıq haqqında Saziş ikitərəfli münasibətlərin strateji müstəvidə inkişafına mühüm töhfə verir”, nazir bildirib.

XS
SM
MD
LG