Accessibility links

Azərbaycan və Rusiya siyasi məsləhətləşmələr aparıb


Azərbaycan və Rusiya bayraqları

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Rusiya arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin keçirilməsi məqsədilə Bakıda səfərdə olan Rusiya dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasin ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər əməkdaşlığın hazırkı səviyyəsindən, fəal siyasi dialoqun mövcudluğundan məmnunluq ifadə edib.

Xələf Xələfov deyib ki, Azərbaycan-Rusiya əməkdaşlığı strateji xarakter daşıyır, yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli və regional formatda görüşlərin keçirilməsi əhəmiyyətlidir.

Qriqori Karasin isə bildirib ki, iki ölkə arasında münasibətlər bütün sahələrdə inkişaf edir və rəsmilər arasında mütəmadi təmaslar gündəlikdə olan məsələlərin həllinə töhfə verir.

O, 2017-ci ildə Moskvada Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd ediləcəyini və bu xüsusda nazir Elmar Məmmədyarovun Rusiyalı həmkarı tərəfindən bu ölkəyə səfərə dəvət edildiyini bildirib.

Karasin həmçinin BMT Baş Assambleyasında Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamənin qəbulunda verdiyi dəstəyə və həmmüəllif kimi qoşulmasına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın fəaliyyəti, habelə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqlar, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsi və mövqelərin uzlaşdırılması istiqamətində məqsədyönlü işin aparılmasının zəruriliyini vurğulayıb.

X.Xələfov iki ölkə arasında siyasi, iqtisadi, hərbi-texniki, humanitar, təhsil, turizm, kənd təsərrüfatı, miqrasiya, ümumilikdə, bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini və Rusiya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib.

Nazir müavini həmçinin terrorizmə qarşı birgə mübarizə, enerji sahəsində əməkdaşlıq, təhsil sahəsində əldə olunan uğurlar, rus dilinin Azərbaycandakı vəziyyəti, Rusiya universitetlərinin filiallarının Bakıda səmərəli fəaliyyətindən danışıb, on minlərlə azərbaycanlı tələbənin Rusiyanın müxtəlif universitetlərində təhsil aldığını bildirib.

Qriqori Karasin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsi istiqamətində səylərin davam etdiriləcəyini və münaqişənin həllində təsirli tədbirlərin görülməsi üçün dəstəyin göstəriləcəyini bildirib. O, eyni zamanda regional təhlükəsizlik məsələlərinin yüksək səviyyəli qarşılıqlı etimada əsaslandığını israr edib.

XS
SM
MD
LG