Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, prezident Əliyev iki ölkə arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirib.
Azərbaycan Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Dövlət bayramı - Rusiya Günündə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsinə böyük önəm verir.
İlham Əliyev
O qeyd edib ki, Azərbaycan Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Dövlət bayramı - Rusiya Günündə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsinə böyük önəm verir və bu səfər əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirilir.
Dövlət başçısı əməkdaşlığın müxtəlif sahələri ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğunu vurğulayaraq, bu baxımdan müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Azərbaycanla Rusiyanın beynəlxalq qurumlar çərçivəsində də fəal və uğurlu qarşılıqlı fəaliyyət göstərdiklərini bildirən prezident Əliyev dünyada və regionda hadisələrin sürətlə inkişaf etdiyi bir dövrdə iki ölkənin həyata keçirdiyi mütəmadi məsləhətləşmələrin də önəmli olduğunu bildirib.
“Bunlar ölkələrimiz arasında bütün sahələri o cümlədən siyasi, iqtisadi, energetika, humanitar sahələrdə əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq münasibətlərinin ən bariz nümunəsidir. Biz ikitərəfli münasibətlərimizi bundan sonra da səmərəli və uğurlu inkişaf etdirmək niyyətindəyik”, Əliyev qeyd edib.
Azərbaycan prezidenti bugünkü görüş zamanı da məhsuldar və konstruktiv müzakirələrin aparılacağına əmin olduğunu bildirib.
Azərbaycan və Rusiya Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir və ümumilikdə, demək olar ki, beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı çox yaxın mövqelərə malikdirlər.
Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya prezidenti yüksək səviyyədə təşkil olunan və keçirilən ilk Avropa Oyunlarının açılış mərasimində iştirakını və səfəri çərçivəsində sizinlə görüşünü məmnunluqla xatırlayır.
“Azərbaycan və Rusiya Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir və ümumilikdə, demək olar ki, beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı çox yaxın mövqelərə malikdirlər”, Lavrov qeyd edib.
Xarici işlər nazirlikləri arasında BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsinin əhəmiyyətinə toxunan Sergey Lavrov uğurla inkişaf edən parlamentlərarası əməkdaşlığın da ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Əlaqələrin müxtəlif sahələrinə toxunan Rusiya xarici işlər naziri deyib.
“Bu ilin avqustunda Xəzər donanmasının 3 hərbi gəmisinin Azərbaycana səfərinin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığımızı bildirirəm və ümidvarıq ki, azərbaycanlı dostlarımız bu ilin sentyabrında Sverdlovsk vilayətində keçiriləcək hərbi-texniki məhsulların sərgisində iştirak edəcəklər”.
Humanitar, o cümlədən təhsil, mədəniyyət sahələrində də əlaqələrin uğurla inkişaf etdiyini bildirən Sergey Lavrov qeyd edib ki, bu sahələrdə əməkdaşlıq iki xalq arasında olan yaxın münasibətləri daha da gücləndirir.
Bu gün Bakıya səfərindən qabaq prezident Əliyevin və özünün təhsil aldığı Moskva Beynəlxalq Münasibətlər İnstitutunda “Bilik Günü” ilə bağlı çıxış etdiyini bildirən Rusiya xarici işlər naziri institutun rektorunun prezident İlham Əliyevin bu təhsil ocağının məzunlarının ilk görüşünü Azərbaycanda keçirmək təşəbbüsünü bir daha məmnunluqla vurğuladığını deyib.
İqtisadi sahədə əməkdaşlıq məsələləri ilə bağlı Rusiya xarici işlər naziri qeyd edib ki, beynəlxalq konyukturaya baxmayaraq, bu əlaqələr yüksələn xətlə inkişaf edir və bu baxımdan o, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin önəmini vurğulayıb.
Rusiyaya göndərilən Azərbaycan kənd təsərrüfatı məhsullarının həcminin artmasından məmnunuq.
Sergey Lavrov
Sergey Lavrov Rusiyaya göndərilən Azərbaycan kənd təsərrüfatı məhsullarının həcminin artmasını məmnunluqla qeyd edərək, Azərbaycan tərəfindən qəbul edilmiş qərarların Rusiyanın nəqliyyat şirkətlərinin beynəlxalq daşımalarının sayının artmasına da xidmət etdiyini deyib və bunu yüksək qiymətləndirib.
Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlərin əldə olunacağına ümidvarıq.
Sergey Lavrov
Bugünkü görüşün ikitərəfli münasibətlərin, regionda vəziyyətin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını bildirən Sergey Lavrov münaqişənin həllində müəyyən irəliləyişlərin əldə olunacağına ümidvar olduğunu bildirib.