Accessibility links

Azərbaycan xilasediciləri Kahramanmaraşda 46 nəfərin həyatını xilas edib


Kahramanmaraş, Türkiyə (9 fevral, 2023)
Kahramanmaraş, Türkiyə (9 fevral, 2023)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Kahramanmaraş rayonu ərazisində dağıntılar altından 46 nəfəri sağ, 290 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin digər məlumatında deyilir ki, əməliyyatlar çərçivəsində fevralın 9-da Kahramanmaraşda mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən sonra dağıntılar altında 86 saat qalmış (dünən Türkiyə vaxtı ilə saat 18:00 radələri) 17 yaşlı yeniyetmə oğlan və 89 saat sonra isə (Türkiyə vaxtı ilə saat 21:00 radələri) 12 yaşlı qız uşağı sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Fevralın 10-da gecə saatlarında Azərbaycan Fövqəladə Hallar və Müdafiə nazirlikləri növbəti humanitar yardımlarını Türkiyəyə yola salıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ərəstun Əliyev deyib ki, budəfəki yardım çərçivəsində təyyarələr vasitəsilə 1 ədəd mobil səhra hospitalı, əhalinin yerləşdirilməsi üçün çadırlar və qızdırıcılar göndərilir.

"Bundan əvvəl, zəlzələnin ikinci günündə ilk dəfə mobil səhra hospitalı yola salınıb. Hazırda həmin hospital fəaliyyətini davam etdirir", o qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə isə müvafiq hərbi hissələrdə yaradılan toplama məntəqələrində yığılan yardım ləvazimatları növbəti yük avtomobili ilə Türkiyəyə yola salınıb.

Bununla yanaşı, Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri tərəfindən quru qida, təmizlik ləvazimatları, geyim əşyaları, eləcə də yataq, istilik, kiçik məişət avadanlıqlarının və həyati əhəmiyyəti olan digər əşyaların toplanması üzrə tədbirlər davam etdirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, fevralın 6-da baş vermiş zəlzələdən sonra fevralın 9-dək Türkiyəyə 745 nəfərlik tibbi və xilasedici heyət yola düşüb.

Bununla yanaşı, 2 mobil səhra hospitalı, 479 ədəd çadır, 4 ədəd səhra mətbəxi, 5 generator, 14 380 ədəd zəruri ləvazimatlar, 32 480 isti geyim, 3 min bağlamadan ibarət qida məhsulları qardaş ölkəyə yola salınıb. Türkiyəyə 211 709 ədəd dərman və tibbi ləvazimatlar göndərilib.

Humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb.

XS
SM
MD
LG