ABŞ prezidenti seçilmiş Donald Tramp barədə Rusiya hökumətində kompromatın olmasına dair Buzzfeed dərgisinin açıqladığı iddialar cəmiyyətdə geniş rezonans doğurur. “Kompromat” ifadəsi artıq Amerika leksikonuna daxil olub və bir çox amerikalılar ilk dəfə olaraq dövlətin mülki vətəndaşlara qarşı şantaj məqsədilə məlumat toplamaq anlamından agah olmaga başlayıblar.
Keyti Piersin yazdığına görə “kompromat” anlayışı bəzi amerikalılar üçün yenilik ola bilər, lakin Rusiya və başqa post-Sovet ölkələrində vətəndaşlar avtoritar hökumətin onları şantaj məqsədilə məlumat toplamağına çoxdan bələddirlər. Bu ölkələr sırasında ən bariz nümunə kimi Piers Azərbaycanı misal gətirir.
Müəllif müasir izlənmə cihazlarının ucuz və asanlıqla yerləşdirilə bilindiyini qeyd edərək oxucuların diqqətinə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın başına gətirilənləri çatdırır. Keyti Piers məqalədə İsmayılovanın qaldığı mənzilə kameranın necə yerləşdirilməsini izah edən AzadlıqRadiosunun videosuna istinad edir.
“Rejimin tənqidçisi olan İsmayılova 2011-2012-ci illərdə özəl mənzildə videoya çəkildikdən sonra şantaj məktubları almağa başladı. Bu məktublar İsmayılovadan fəaliyyətinə son qoymağı tələb edir, əks halda rüsvayedici videonu yaymaqla hədələyirdi. Xədicə təslim olmaqdan boyun qaçırdı və şantajçılar iki illik periodda çəkilmiş seks səhnələrini yaydılar.”
Otel izlənməsi Azərbaycan kimi post-Sovet ölkələrində normaya çevrilib. Bu xüsusda Piers iki azərbaycanlı jurnalistin ayrı-ayrı insidentlərdə otel otağında şantaj məqsədilə videoya çəkildiyini və sonradan bu videoların ictimaiyyətə açıqlandığını yazır.
“2013-cü ildə keçmişdə Azərbaycan hökumətini tənqid etmiş Amerika vətəndaşı oxşar rəftarla üzləşdi. Həmin şəxsin otel otağında intim münasibətləri videoya çəkildikdən sonra, o, əvvəlcə şantajla hədələndi. Bir həftə kəşfiyyat orqanları tərəfindən dindirildikdən sonra adı çəkilən video internetdə yayıldı.”
Kompromat üsulunu KQB-nin əsas silahlarından biri kimi dəyərləndirən müəllif Vladimir Putin kimi bir çox sabiq Sovet rəsmilərinin casus məktəbinin yetirmələri olduğunu qeyd edir. Bu növ rejimlər öz əleyhdarlarını gözdən salmaq üçün müxtəlif vasitələrə əl atır və hər vəchlə müxalifət nümayəndələri və jurnalistlər haqda kompromat əldə etməyə çalışırlar.
Konkret Azərbaycana gəldikdə, KQB metodologiyasının yeni şaxələri müşahidə olunur. Belə ki, bu ölkədə sosial media yazışmalarının “screenshot”-u (ekran fotosu) çəkilir və hədəf alınan adam rejimə qarşı mövqeyini yumşaltmadığı təqdirdə şantaja məruz qalır.
Azərbaycanda rejimə qarşı çıxan iki jurnalist ayrı-ayrı insidentlərdə şantaja məruz qalıb.
Əlbəttə, şantaj materialları heç də həmişə həqiqətə uyğun olmur. Bəzi hallarda müasir texnologiya ilə silahlanmış dövlət apparatı hədəflərinə qarşı incəliklə saxtalaşdırılmış "kompromat"-dan istifadə edir.
“Yaxşı, bəs indi biz kompromatın qızıl dövrünü yaşayırıqmı?” Piers sual edir. “Post-sovet rejimlərində hər kəs bunu toplaya, yarada və yaya bilər. Və belə görünür ki, heç kəs – hətta ABŞ prezidenti də bundan sığortalanmayıb. Donald Trampa qarşı kompromat mövcud ola və olmaya bilər, ancaq yəqin ki, mahiyyətindən asılı olmayaraq onun Rusiyadakı bütün fəaliyyətləri videoya çəkilib.”