Accessibility links

Azərbaycan Müdafiə Nazirliyi: Səkkiz əsgər həlak olub


Cəbhə
Cəbhə

Erməni tərəfi iki əsgər itirdiyini bildirir

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti cəbhə xəttində 8 hərbi qulluqçunun həlak olduğunu bildirir. Mətbuat xidmətinin məlumatında deyilir:

“İşğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etmişlər.

Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf etmiş, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur edilmişlər.

Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaqdır”, məlumatda qeyd edilir.

***

Ötən gün cəbhə xəttində həlak olmuş Azərbaycan hərbçilərinin hamısının adı məlum olub.

APA agentliyinin məlumatına görə, ermənilərin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri həlak olub:

- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu

- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov

- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov

- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov

- Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov

- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov

- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu

Agentlik atışma zamanı Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralandığını bildirir.

Bununla yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti itkilərin olmasını təsdiq etsə də, həlak olan və yaralananların sayı barədə hələ məlumat vermir.

Ermənistan mediası rəsmi mənbələrə istinadən iki erməni hərbçisinin həlak olduğunu yazır. Panarmenian.net vebsaytı Dağlıq Qarabağdakı «Müdafiə Nazirliyi»nə istinadla xəbər verir ki, hər ikisi 20 yaşında olan Ararat Xanoyan, və Aşot Asoyan regionun şimalında həlak olublar. Erməni həbrçiləri Azərbaycan ordusunu hücum etməkdə günahlandırırlar.

Voskanapat.info xəbər agentliyi yazır ki, ermənilər Əsgəran və Ağdərə istiqamətində Azərbaycan diversantlarını pusquya salıblar. "Bizim əsgərlər azı 14 nəfəri öldürüb, 30 əsgəri yaralamışıq, və mən düşünmürəm ki, yaralananların hamısı sağ qalacaq", deyə erməni bölümünün polkovniki bildirib.

XS
SM
MD
LG