Accessibility links

Cəbhə xəttində gərginlik artıb - şiddətli atışma


Cəbhə xətti
Cəbhə xətti

İki mülki vətəndaş yaralanıb

Son sutka ərzində Ermənistan-Azərbaycan cəbhəsində durum gərginləşib. Şiddətli atışmalar qeydə alınıb. Azərbaycanın iki mülki vətəndaşı yaralanıb.

İyulun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Mülki vətəndaş yaralanıb (Foto Qənirə Paşayevanın facebook səhifəsindən götürülüb)
Mülki vətəndaş yaralanıb (Foto Qənirə Paşayevanın facebook səhifəsindən götürülüb)

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Silahlı Qüvvələrin bölmələrinin sayıqlığı nəticəsində erməni kəşfiyyat-təxribat qrupunun Azərbaycan Ordusunun səngərlərinə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

“Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib. Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib”, mətbuat xidmətinin məlumatında deyilir.

Milli Məclisin deputatı, hazırda hadisə yerində olan Qənirə Paşayeva facebook səhifəsində yazır ki, erməni tərəfinin atəşkəsi pozması nəticəsində Tovuz rayonunun (Bakıdan 438 kilometr qərb) Əlibəyli kəndinin sakinləri Fərid Məmmədov və Anya Ələkbərova yaralanıb. Onlar Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Fərid Məmmədovun yarası ağır olduğundan Bakıya gətirilib.

Mülki vətəndaş yaralanıb (Foto Qənirə Paşayevanın facebook səhifəsindən götürülüb)
Mülki vətəndaş yaralanıb (Foto Qənirə Paşayevanın facebook səhifəsindən götürülüb)

Bununla yanaşı Müdafiə Nazirliyinin mətbuat xidməti ötən sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejiminin ümumilikdə 41 dəfə pozulduğunu bildirir. Atəşkəs rejiminin pozulması bütün cəbhə boyu - Ermənistan-Azərbaycan sərhədlərində və Dağlıq Qarabağ istiqamətində qeydə alınıb.

Cəbhə xəttində gərginliyin artması ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyulun 22-də Brüsseldə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşündən sonraya təsadüf edir.

Görüşlərinin nəticələri ilə bağlı iyulun 23-də yaydıqları birgə bəyanatda “həmsədrlər gərginliyin və zorakılığın artması halları, o cümlədən qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində mülki şəxslərə atəş açılmasından narahatlıqlarını ifadə edir”.

Həmsədrlər tərəfləri mülki şəxslərə və yaşayış məntəqələrinə qarşı zorakılıqdan, itkilərdən çəkinməyə, atəşkəs müqaviləsinə sadiq qalmağa çağırdıqlarını bildirib.

Xatırladaq ki, bu il ərzində cəbhə xəttində gərginliyin artması əvvəlki illərlə müqayisədə daha intensiv xarakter alıb.

Cəbhə xəttindəki durumla bağlı Ermənistan Müdafiə Nazirliyi hər hansı məlumat yaymayıb.

XS
SM
MD
LG