Accessibility links

'Azercell'in yeni sahibi kim olacaq - dövlət, ya ailə?`


AzadlıqRadiosunun araşdırması

Ölkənin ən böyük mobil rabitə operatorlarından biri – “Azercell”in “Telia Sonera”ya aid 50 faizdən çox payını Azərbaycanın dövlət şirkəti, “Azerbaijan International Telecom” aldı.

Bu şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsusdur.

“Azercell”in payına dövlət 222 milyon avro sayıb. Məlumatı “Reuters” agentliyi yayıb.

Hökumətin elan etdiyi hədəflərin iqtisadiyyatda dövlətin iştirakının azaldılması, özəl müəssisələrin stimullaşdırılmasından ibarət olduğu nəzərə alınanda baş verənlər Azərbaycan iqtisadiyyatı üçün nə deməkdir?

Müxalifətdə olan Respublikaçı Alternativ Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, dövlətin prosesdə iştirakı artdıqca büdcənin yükü artır:

Natiq Cəfərli
Natiq Cəfərli

“Bütün xərcləri yenə dövlət çəkəcək. Bu günə qədər bu işləri heç olmasa, özəl şirkət görürdü. Bundan sonra həm dövlətin öhdəlikləri yaranacaq, həm də vergilərin vaxtlı vaxtında ödəyəcəyi ilə bağlı zəmanət yoxdur”.

Natiq Cəfərli deyir ki, indiyə qədər dövlət müəssisələri həmişə dotasiya ilə işləyiblər, az vergi veriblər, indi “Azercell”in verdiyi vergilərin azalacağı gözləniləndir. Onun sözlərinə görə, təcrübədə dövlət ən pis menecerdir və dövlət müəssisəni özəl şirkətlərdən daha pis idarə edir.

“Azercell”in payını almaqda dövlətin motivi nədir? Bu suala Rabitə nazirliyindən gün ərzində cavab ala bilmədik, telefon zənglərimizə cavab verilmədi.

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, ola bilsin ki, özəl şirkətlər bu payı almaq istəməyib:

Toğrul Maşallı
Toğrul Maşallı

"Azərbaycan riskli bazardır, böhranlıdır, ona görə bir variant qalır, o da Azərbaycan hökumətinin əldə etməsi. İkinci məsələ isə budur ki, Azərbaycan hökuməti bazarı müəyyən qədər əldə etmək istəyir. Yavaş –yavaş bazarı əldə saxlamaq istəyir”.

Toğrul Maşallı deyir ki, ola bilsin ki, sonradan dövlət bu payı ölkə daxilində özəl şirkətlərdən birinə satsın. Amma Azərbaycanda qanunlar dəyişdiyindən, özəl şirkətlərin təsisçilərini müəyyən etmək olmur.

2014-cü ildə AzadlıqRadiosu-nun və OCCRP -nin, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları layihəsinin bir araşdırması isə üzə çıxartmışdı ki, hələ 2014-cü ildə Azərbaycanda telekommunikasiya bazarının 70 faizinə prezident İlham Əliyevin qızları nəzarət edir.

Toğrul Maşallı deyir ki, “Azercell”in yeni sahibinin də dövlətdən sonra ailə şirkətinə keçəcəyi mümkündür.

Rabitə nazirliyi bu payı “TeliaSonera”dan alır. Şirkət elan edib ki, diqqətini daha çox Baltik və Şimal ölkələrinə yönəldəcək.

“Telia Sonera” Asiya bazarından çıxacağını 2015-ci ildə elan etmişdi. Bu hadisə şirkətin Özbəkistanın hakim ailəsi ilə bağlarının üzə çıxmasından sonra məlum olmuşdu.

AzadlıqRadiosu-nun və OCCRP-nin 2014-cü araşdırması iddia edirdi ki, "Azercell Telekom" MMC də müxtəlif ofşor strukturlar və nümayəndələr vasitəsilə İlham Əliyevin qızlarına bağlıdır.

İnformasiya sorğusuna cavabında, “TeliaSonera” bildirmişdi ki, hesabatda deyiləndən artıq detallara vara bilməyəcəklər.

Jurnalist araşdırmasına görə, hələ o vaxt, telekommunikasiya bazarının 70 faizi elə prezident İlham Əliyevin ailəsinə məxsus idi. Rəsmilər bu araşdırmaları təkzib etməmişdilər. Təkəlçilik - inhisarçılıq adətən xidmətin aşağı, qiymətin yuxarı olmasına səbəb olur.

AzadlıqRadiosu Bakı sakinlərini, telekommunikasiya xidmətinin iştirakçılarını müzakirəyə qatıb və onlara "belə olan halda, mobil rabitə operatorlarının işini necə qiymətləndirirlər, nəyin dəyişməsini istərdilər?" haqda sual verib.

Azərbaycan hökumətinin iqtisadiyyatda iştirakı digər bazar sektorlarında da qabarır. Məsələn, hökumət pambıqçılığın, kənd təsərrüfatını prioritet elan etsə də, bu sahədə də əsas iştirakçı dövlətdir, özəl şirkətlər gözə dəymir.

Dövlətdən başqa prezidentin ailə üzvlərinin də iqtisadiyyatın başqa sahələrində, məsələn, bank sektorunda azı 20 faiz paya sahib olması barədə də jurnalist araşdırmaları var.

Bu araşdırmaların çoxunu prezident ailəsi təkzib etməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG