Accessibility links

Azərbaycanda çörəyin qiymətinin qalxması narahatlıqla qarşılanır


Azərbaycanda un və un məmulatlarının, o cümlədən çörək və digər ərzaq məhsullarının pərakəndə satış qiymətlərində artım müşahidə edilir. İnsanlar əsasən aztəminatlı ailələrin daha çox istifadə etdiyi “zavod çörəyi” adlandırılan çörəyin qiymətinin artırılmasından narahatdır.

Azərbaycanın buğda təminatı

Azərbaycan Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları” adlı statistik məcmuəsində dərc edilən məlıumata əsasən Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkədə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon ton, idxal isə 1,3 milyon tona yaxındır.

Taxıl zəmisi
Taxıl zəmisi

Məlumatda deyilir ki, Azərbaycanın ərzaq buğdası ilə özünü təminetmə səviyyəsi orta hesabla 59.5% təşkil edir, tələbatın təxminən 40-45 faizi idxal hesabına ödənilir. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr Rusiya, Qazaxıstan və Ukraynadır.

Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur.
Dövlət Statistika Komitəsi

Ekspertlər hesab edir ki, hökumət tələbatı ödəmək və daxili bazarı tənzimləmək üçün neçə illərdir taxıl idxalçılarına müxtəlif güzəştlər və daxili bazarda qiymətlərə müdaxilə edir. Buğda və un məmulatlarına tətbiq edilən Əlavə Dəyər Vergisinin ləğvi nəticəsində un və un məmulatlarının, o cümlədən çörəyin qiymətinin qalxmasının azı 18 faiz qarşısı alınıb.

Bununla yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirib ki, Azərbaycanda ildə 3,5 milyon ton taxıl istehsal edilir ki, bunun təxminən iki milyon tonunu buğda istehsalı təşkil edir.

“Deməli bizim yerli buğdadan un və çörək istehsal etmək üçün çox böyük imkanlarımız var. Amma biz bunu etmirik. Azərbaycana Rusiya, Qazaxıstan, Ukrayna kimi ölkələrdən böyük miqdarda taxıl idxal edilir. Həmin buğda adətən yumşaq buğda olur. Bizim ölkənin əsas böyük dəyirmanları yerli istehsalçıların istehsal etdiyi buğdanı üyütmür. Çünki həmin buğda bu dəyirmanların mexanizlərinə zərər verir,” ekspert belə hesab edir.

Ekspertlərin firkincə, beynəlxalq bazarlarda baş verən proseslərin daxili bazara kəskin təsirlərini hökumətin etdiyi güzəştlər azaltsa da son zamanlar buğdanın qiymətinin kəskin qalxması yerli bazara təsirlsiz ötüşməyib və qiymtələr qalxıb.

Yerli istehsalçılar: 50 kiloqramlıq bir kisə unun qiyməti 36 manatadək arta bilər

Bu gün, yanvarın 4-də yerli mediada Azərbaycanın iri un və çörək istehsalçılarının un və çörəyin bahalaşması ilə bağlı müraciəti yayılıb.

“Hesablamalarımıza görə, qiymətlərin uyğunlaşmasının nəticəsi olaraq 50 kiloqramlıq bir kisə unun topdan satış qiyməti (inidiyədək 26 manat olub-red) 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur. Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq," müraciətdə qeyd edilir.

Un
Un
2021-ci ilin dekabrında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub.

Sənəddə deyilir ki, Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün Rusiya bazarında baş verən qiymət artımı bu məhsulun ölkəyə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir.

“Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabrında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub,” iri istehsalçıalr bildirir.

Eyyub Hüseynov
Eyyub Hüseynov

Ekspert: 50 qəpiyə satılan sosial çörəklər 65 qəpiyə satılacaq

Azad İstehlakçılar Birliynin sədri Eyyub Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib ki, cəmiyyətin diqqəti əsasən sosial çörəklərin, yəni “zavod çörəkləri”nin qiymətinin artması üzərindədir.

“Azərbaycan bazarının nəzəri cəhətdən dünya bazarına inteqrasiya olunduğu görünməsinə baxmayaraq praktiki cəhətdən belə deyil. Nəzəri cəhətdən Azərbaycan bazarının dünya bazarına inteqrasiya olunması onu göstərir ki, bazar dünya bazarında qiymətlər artan kimi ona reaksiya verir, amma dünya bazarında qiymətlər enəndə Azərbaycan bazarı ona reaksiya vermir.”

Ekspertin fikrincə, Azərbaycan bazarında hələ də kartel sövdələşmələri və inhisarçılıq mövcuddur.

“Yaxın günlərdə Rusiya və dünya bazarında buğdanın qiyməti qalxıb. Azərbaycan bazarı çox cəld, hələ qiymət qalxmamışdan bir qədər əvvəl ona reaksiya verdi. Yəni, 50 qəpiyə satılan sosial çörəklər (“zavod çörəyi” nəzərdə tutulur-red) 65 qəpiyə satılacaq, 40 qəpiyə satılan sosial çörəklər isə 50 qəpiyə satılacaq.”

Onun dediyinə görə, qanunvericiliyə əsasən bazar liberaldır və qiymətlər sərbəstdir.

Azərbaycan bazarı dünya bazarında qiymətlər artan kimi ona reaksiya verir, amma dünya bazarında qiymətlər enəndə ona reaksiya vermir.
Eyyub Hüseynov, ekspert

“Amma, əslində hökumətin istehsalçılar üzərində gizli bir təzyiqi var. Onlar qırmızı bir xəttin üzərində dayanırlar. Hökumət elə iş aparmalıdır ki, sosial çörək istehsalı liberallaşsın və bu sahədə rəqabət mühiti olsun. Çox təəssüf ki, sosial çörək istehsalçılarına böyük bir təzyiq var və onlar dedikləri limitdə qiymətləri saxlayacaq.”

Hüseynov vəziyyətdən çıxış üçün ölkədə azad bazar prinsiplərinin tam bərqərar olunmasını vacib sayır.

“İnhisarçılıq və kartel sövdələşmələri aradan qaldırılıb azad bazar prinsipi bərpa edilsə rəqabət mühiti yaranar və qiymətlər aşağı düşər, keyfiyyət yaxşılaşar. Çox təəssüf ki, Azərbaycanda 10 ildən çoxdur ki, “Antiinhisar Məcəlləsi” qəbul edilmir,” ekspert qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG