Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvəsinin Qazaxıstandan çıxarılması, etirazçıların azadlığa buraxılması əks olunmuş bəyanatla çıxış edib.
“Hesab edirik ki, ən qısa müddətdə kənar ordular Qazaxıstanı tərk etməlidir, Qazaxıstan öz problemlərini öz daxilində həll etməyi bacarmalıdır. Milli Şura olaraq prezident Tokayevin terrorçu adlandırdığı etirazçılara xəbərdar etmədən atəş açmaq əmri verməsini qeyri-proporsional güc tətbiqi hesab edərək, qınayırıq. Qazaxıstan hakimiyyətini və etirazçıları qarşılıqlı şəkildə zorakılıqdan, qan tökülməsindən imtinaya çağırırıq. Hesab edirik ki, ölkədaxili qarşıdurmanı dayandırmanın yolu qarşılıqlı kompromisdən, dialoqdan və qazax xalqının fundamental hüquq və azadlıqlarına hörmət olunmasından keçir,” sənəddə qeyd edilir.
Məlum olduğu kimi, Qazaxıstanda xalq etirazları fonunda bu ölkənin prezidenti Qasım Comərd Tokayev Qazaxıstanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) muraciət edərək, hərbi qüvvə yardımı istəyib və əsasən Rusiya hərbçilərindən təşkil olunan hərbi kontingent yanvarın 6-dan etibarən Qazaxıstana yeridilib.
“Milli Şura olaraq bildiririk ki, KTMT-in öz sənədlərində də bu hərbi ittifaqın müdafiə xarakterli olduğu və üzv dövlətlərdən hər hansı birinə yalnız həmin dövlət xarici hərbi müdaxiləyə məruz qalacağı təqdirdə hərbi yardım göndərə biləcəyi qeyd edilir. Qazaxıstana hər hansı hərbi müdaxilə olmayıb, ona görə də KTMT-in ora ordu göndərməsi hətta öz daxili nizamnamə qaydalarına əsasən də qanunsuzdur. Qazaxıstan Respublikasının konstitusiyasına görə, dövlət başçısının hətta öz ordusundan belə xalqa qarşı istifadə etmək səlahiyyəti yoxdur. Bu baxımdan prezident Tokayevin başqa dövlətlərin ordusunu təkbaşına öz ölkəsinə çağırması səlahiyyət həddinin aşılmasıdır. Müvafiq dövlətlərarası saziş, parlamentin razılığı olmadan xarici ölkələrdən öz xalqına qarşı hərbi yardım almaq Qazaxıstanın özünün də suveren qanunvericiliyinə ziddir.”
Bəyanatda deyilir ki, Rusiyanın liderlik etdiyi KTMT xalqları tərəfindən seçilməyən, dəstəklənməyən və dəyişdirilməsi istənilən, xalqlarından mandat almayan avtoritar liderlərin zor gücünə müdafiəsini öz üzərinə götürən bir quruma çevrilir.
“Hesab edirik ki, KTMT-ə üzv dövlətlər həm bir-birinin, həm də başqa dovlətlərin suveren hüquqlarına diqqətlə yanaşmalı, heç bir xalqın fundamental hüquqlarının pozulmasında vasitə olmamalıdırlar.”
Milli Şura hesab edirik ki, “dost və qardaş qazax xalqı, Qazaxıstan hökuməti nə qədər çətin olsa da, qarşılıqlı dialoq, bir-birini eşitmək yolu ilə ölkədə fundamental hüquqları, xüsusən də sərbəst toplaşmaq azadlığını, çoxpartiyalı sistemi, qanunun aliliyini, azad mətbuatı real surətdə təmin etməklə daxili problemlərini özləri həll etmək iqtidarında olmalıdırlar. Biz Qazaxıstanda xalqla hakimiyyət arasında hazırda yaşanan gərginliyə kənar müdaxilələri zərərli hesab edirik.”
Demokratik Qüvvələrin Milli Şurasında Azərbaycanda müxalifəti təmsil edən qurumlar və şəxslər birləşir. Bu qurum prezident seçkilərində iqtidardan olan prezidentliyə namizədə alternativ olan əsas namizədlə çıxış edib.
Qazaxıstan prezidenti Kasım Jomart Tokayev administrasiyası yanvarın 9-da bildirib ki, “ölkənin bütün regionlarında vəziyyət sabitləşib”.
Bəyanat bir neçə gün davam edən iğtişaşlardan və təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən etirazçıları öldürmək üçün atəş açmaq əmrinin verilməsindən sonra açıqlanıb.
Qazaxıstan prezident administrasiyası təhlükəsizlik qüvvələrinin bir həftə ərzində 5800 nəfəri saxladığını bildirib və əlavə edib ki, saxlanılanlar arasında “xeyli sayda əcnəbi var”.
Həmçinin hüquq-mühafizə orqanlarının 18 işçisinin öldüyü bildirilir.
Reuters xəbər agentliyi Qazaxıstanın Səhiyyə Nazirliyinə istinad edən Rusiyanın Sputnik agentliyinə istinadən yanvarın 9-da Qazaxıstanda son bir həftə ərzində baş verən iğtişaşlar nəticəsində ikisi uşaq olmaqla, ümumilikdə 164 nəfərin öldüyü haqda məlumat verib.
Nümayişlər bir həftə əvvəl yanacağın bahalaşmasına cavab olaraq başlayıb, lakin sonradan hökumətə qarşı daha geniş etirazlara çevrilib.
Nazirlik Qazaxıstanın ən böyük şəhəri olan və ən şiddətli toqquşmaların baş verdiyi Almatıda 103 nəfərin öldüyünü bildirib.
Bu arada, yanvarın 8-də Rusiya qoşunlarının yeni bölmələri Almatı beynəlxalq hava limanına gəlib.
Tokayev ötən çərşənbə günü ölkədə fövqəladə vəziyyət elan etdikdən və etirazların yatırılmasında kömək üçün Avrasiya hökumətlərarası hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdikdən sonra əksəriyyəti Rusiyadan olan xarici hərbi qüvvələr Qazaxıstana gəlməyə başlayıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan qüvvələri daxildir.
Qazaxıstan prezidentinin internet saytında yerləşdirilən bəyanata əsasən, Tokayev yanvarın 8-də Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı bildirib ki, görülən tədbirlərə baxmayaraq ölkənin bəzi bölgələrində “terror aktları ocaqları” hələ də qalmaqdadır.
Kreml yanvarın 8-də ətraflı adlandırdığı söhbət zamanı Tokayevin Putinə iğtişaşlar barədə danışaraq vəziyyətin “sabitləşməyə doğru inkişaf etdiyini” qeyd etdiyini bildirib.
ABŞ Dövlət katibi Antoni Blinken ABŞ-ın Qazaxıstanda fövqəladə vəziyyətin tətbiq edilməsindən “çox narahat” olduğunu deyib.
“Biz vəziyyəti narahatlıqla izləyirik və hamını sülh yolu ilə həll yolu tapmağa çağırırıq,” o bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq də yanvarın 8-də Qazaxıstanda zorakılıqlara son qoymağa çağırıb.