Accessibility links

Azərbaycan ikinci dünya müharibəsi iştirakçılarına birdəfəlik yardım edir


Azərbaycan ikinci dünya müharibəsi iştirakçılarına birdəfəlik yardım edir
Azərbaycan ikinci dünya müharibəsi iştirakçılarına birdəfəlik yardım edir

1941-1945-ci illərdə Azərbaycandan Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib.

Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.

Sənəddə deyilir ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım verilsin.

Dövlət başçısı bu məqsədlə ehtiyat fondundan 8,7 milyon manat məbləğində vəsait ayırıb.

Mayın 9-da 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 66-cı ildönümü tamam olur.

1941-1945-ci illərdə Azərbaycandan Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib. Moskva, Leninqrad və Stalinqrad ətrafında döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanıb, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirib.

40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşüb. Müharibə illərində cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edib. Bakıda 130-dan çox növ silah və döyüş sursatı istehsal edilib.

XS
SM
MD
LG