Accessibility links

Azərbaycan parlamentində müxalifətin 2 aprel mitinqi diqqət mərkəzində olub


Azərbaycan parlamentində müxalifətin 2 aprel mitinqi diqqət mərkəzində olub
Azərbaycan parlamentində müxalifətin 2 aprel mitinqi diqqət mərkəzində olub

İqtidaryönümlü deputatlar müxalifəti tənqid edib. Onlar müxalifəti 2 aprel mitinqi ilə qarşıdurma yaratmaqda günahlandırıb. Parlament müxalifəti isə mitinqin qarşısının alınmasına etiraz bildirib.

Milli Məclisin bu günki plenar iclasında Milli Məclisin sədri Oqtay Əsədov da daxil olmaqla çoxsaylı deputat İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqə münasibət bildirib.

İqtidaryönümlü deputatlar müxalifəti kəskin tənqid edib. Onlar müxalifəti ölkədə qarşıdurma yaratmaqda günahlandırıb. Deputatlar həmçinin müxalifətin xarici ölkələrdən sifariş və maliyyə dəstəyi almaqda günahlandırıb.

Parlament müxalifətində olan deputatlar isə müxalifətin mitinqlərinin qarşısının alınmasına etiraz bildirib. Deputatlar Sabir Rüstəmxanlı, Fazil Mustafa, İqbal Ağazadə vətəndaşların sərbəst toplaşaraq azadlığının konstitusiyada təsbit edildiyini xatırladıb. Deputatlar siyasi mübarizə üçün azad auditoriyanın olmasını vacib sayır. “Siyasi mübarizəni ailələrə, evlərin qarşısında aksiyaların təşkil olunması müstəvisinə keçirmək yolverilməzdir”, deyə deputat Fazil Mustafa Cəlilabada təhqirə məruz qalan müxalifətçinin oğlunun məktəbli yoldaşını qətlə yetirdiyini xatırladıb.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, xarici televiziya kanallarında radikal müxalifətin 2 aprel mitinqini baş tutmuş aksiya kimi təqdim olunması Sumqayıt hadisələrini yada salır. “Təəssüflər olsun ki, bəzi radikal müxalifət partiyalarının dəstəyi ilə Azərbaycanın mənafeyinə zidd, ölkəmizi dünyada gözdən salmaq istəyən, Azərbaycanın inkişafına xəbis gözlə baxan ölkələr eyni ssenarini 2 aprel mitinqində tətbiq edir. 200-300 nəfər insan yığıldı. Əsas məqsəd pozuculuq salmaq və bunun xarici kanallarda göstərilməsi idi. Mən ad demək istəmirəm, amma orada tanıdığımız bəzi insanlar da var idi. Sakit getdikləri yerdə kameraları görüb azadlıq qışqırmağa başlayırdılar. Aydın məsələdir, bu, təşkil olunmuş ssenari idi”.

Spiker aprelin 2-də biabırçı formada təşkil olunan mitinqdən sonra radikal müxalifətin yenə mitinq keçirəcəyinə inanmır. “Amma, deyəsən, yenə mitinq keçirmək istəyir. Azərbaycan artıq həmin illərin Azərbaycanı deyil. Azərbaycan müstəqil, güclü və inkişaf etmiş ölkədir. Azərbaycanda belə qarışdırıcı məsələlərə yer yoxdur”, - deyə o qeyd edib.

XS
SM
MD
LG