Accessibility links

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin növbəti görüşü olub


Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin növbəti görüşü olub
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin növbəti görüşü olub

Azərbaycan və Ermənistan prezidentləri ziyalı, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun qurulmasına dəstək verməyə hazır olduqlarını bəyan edib.

Noyabrın 23-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ nizamlanması üzrə üçtərəfli görüşü keçirilib.
Görüşdən öncə, Rusiya prezidenti Dmitri Medvedev Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevlə ayrı-ayrılıqda görüşlər keçirib.
Azərbaycan prezidenti ilə görüşdə cənab Medvedev Bakı və Moskva arasında ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparıb.
“Biz Qafqazla sıx əlaqəli olan dövlətlərik və Qafqaz regionunda, eyni zamanda dünyanın bizə bitişik digər bölgələrində baş verən heç bir hadisəyə biganə deyilik. Əlbəttə, Ermənistan prezidentinin iştirakı ilə üçtərəfli görüşümüz çox vacibdir. Son illər çox sayda belə görüşlər olub. Biz müəyyən mənada irəliləyiş əldə etmişik, yəqin ki, müəyyən yerlərdə böyük çətinliklər var, amma hesab edirəm ki, bu dialoq faydalıdır və ümid edirəm ki, bu əlaqələr gələcəkdə də davam etdiriləcək”, deyə Rusiya prezidenti qeyd edib.
Prezident Əliyev cənab Medvedevə “Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarışı üzrə səylərini davam etdirdiyi üçün” təşəkkür edib. “Bir çox görüşlər keçirilib. Siz də qeyd etdiyiniz kimi, ümidverici məqamlar da olub, pessimizm hissini gücləndirən anlar da olub, amma proses davam edir. Sizin bu səyləri davam etdirməyiniz də əlavə nikbinlik yaradır. Azərbaycan regionda tezliklə sülhün bərqərar olması üçün münaqişənin ən qısa zamanda nizamlanmasının tərəfdarıdır”.
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyə hazır olduqlarını bəyan edib. RİA Novosti Agentliyinin məlumatına görə, üçtərəfli görüşün nəticəsi olaraq prezidentlər birgə bəyanat qəbul edib
Prezidentlər bəyan edib ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasında irəliləyiş əldə edilib. “Sülh sazişinin hazırlanmasına keçidin vacibliyi diqqətə alınmaqla Azərbaycan və Ermənistan prezidentləri əsas prinsiplər üzrə razılıqların əldə edilməsini sürətləndirməyə hazır olduqlarını bildirib".
Prezidentlər İlham Əliyev və Serj Sarkisyan Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrinin vasitəçilik fəaliyyətinə yüksək qiymət verib. “Ümid edirik ki, Rusiya, ABŞ və Fransa yekun sülhün və regionda sabitliyin təsdiqinə qədər nizamlanma prosesində fəal rol oynayacaq”.
Tərəflər təsdiq edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində etimadın möhkəmləndirilməsi addımlarından biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Azərbaycan və Ermənistan prezidentləri gələcəkdə ziyalı, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun qurulmasına dəstək verməyə hazır olduqlarını bəyan edib.
Üç ölkənin prezidenti həmsədrlərin ATƏT sədrinin şəxsi nümayəndəsi ilə birgə atəşkəs xətti boyunca araşdırmaların keçirilməsi mexanizmi haqqında hazırladıqları məruzəni dinləyib və bu işi davam etdirməyi tapşırıb.
Müstəqil ekspertlər Rusiyanın vasitəçiliyi ilə danışıqların müsbət nəticə verəcəyinə inanmır. “Rusiya vasitəçiliyi səmimi deyil. Çünki bu dövlət imperiyaçılıq siyasətindən əl çəkməyib. Dağlıq Qarabağ münaqişəsində nə hərb, nə sülh vəziyyətinin davam etməsi onun xeyrinədir. Düşünür ki, vaxt gələcək Rusiya yenidən bütöv Qafqaza nəzarəti əlinə keçirəcək”, - deyə o qeyd edib.
Cənab Quluzadə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya demokratikləşəndən sonra mümkün olacaq. “Nə qədər ki, Rusiya Amerikaya qarşı raket istehsal edəcək Rusiya hökuməti demokratiya təşəbbüslərində, sülh çağırışlarında səmimi olmayacaq”, - deyə keçmiş dövlət müşaviri bildirib.
O həmçinin cəbhə xəttindən snayperlərin yığışdırılmasını vacib sayır. “Azərbaycanın mülki insanları snayper atəşi ilə öldürülür, insanlar tarlalarda işləyə bilmir. Hətta, cəbhə bölgəsində mal-qara belə snayper atəşi ilə öldürülür. Bu qəbuledilməzdir”.
Xatırladaq ki, Rusiya prezidentinin təşəbbüsü ilə 2008-ci il noyabrın 2-dən başlayaraq Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 10 görüşü keçirilib.

XS
SM
MD
LG