Accessibility links

Rusiya xarici işlər naziri Azərbaycana gəlir


Ticari-iqtisadi, regionlararası və sərhəd xidmətləri arasında əməkdaşlıq, humanitar məsələlər, Qarabağ münaqişəsi, Xəzərin statusu və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gözlənilən səfəri zamanı ikitərəfli ticari-iqtisadi, regionlararası və sərhəd xidmətləri arasında əməkdaşlıq, humanitar məsələlər, Qarabağ münaqişəsinin tənzimlənməsi, Xəzərin statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Cənab Lavrov aprelin 3-4-də Bakıya səfər edəcək. Aprelin 2-də nazir Lavrov Yerevanda görüşlər keçirəcək. Hər iki səfər diplomatik münasibətlər qurulmasının 20 illiyinə həsr olunub. “Biz Azərbaycanı Cənubi Qafqazda və Xəzər Regionunda strateji tərəfdaşımız hesab edirik. Azərbaycanla münasibətləri bərabər hüquqluluq, bir-birimizin maraqlarına hörmət və yaxşı qonşuluq əsasında inkişaf etdiririk”, - deyə məlumatda qeyd edilir.
Rusiyalı nazirin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə edəcəyi ticari-iqtisadi sahədə Rusiya tərəfi, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyətinə, habelə mühüm birgə layihələrin, o cümlədən energetika sahəsində layihələrin həyata keçirilməsinə ümid edir.
Ötən il iki ölkələ arasında qarşılıqlı ticarət dövriyyəsi 2,5 milyard dollardan çox olub və bu göstəricinin artırılması üçün potensial var. İlk növbədə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 23 yanvar Soçi görüşü fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi gündəlikdə qalmaqdadır.
“Rusiya münaqişə tərəflərinin indiyədək görülmüş iş nəzərə alınmaqla, təməl prinsiplər üzrə razılaşmalar əldə olunmasını sürətləndirməyə hazır olmasını alqışlayır və həm üçtərəfli formatda, həm də ATƏT-in Minsk qrupunun həmsədri qismində buna hər yolla yardım edəcək”, - deyə məlumatda bildirilir.
Rusiya və Azərbaycanın regionlararası və sərhəd xidmətləri arasında əməkdaşlığı mövzusu da diqqətdən kənarda qalmayacaq. Nazirlər Rusiya-Azərbaycan münasibətlərinin humanitar tərəfinə müfəssəl baxacaqlar. Bununla əlaqədar olaraq, 2011-ci ildə işə salınmış yeni birgə layihəni - Bakı Beynəlxalq Humanitar Forumunu qeyd etmək lazımdır. “Onun perspektivli regional və beynəlxalq qarşılıqlı fəaliyyət formatı olacağına ümid edirik”.
Xəzər dənizinin statusu məsələsi bütün Xəzəryanı dövlətlərin 2010-cu ilin noyabrında beştərəfli Bakı sammitində verdikləri tapşırıqlar nəzərə alınmaqla müzakirə olunacaq. Xəzərin hüquqi statusunu müəyyən edən Konvensiyanın hazırlanması üzrə işlərin müzakirəsi, habelə sahilyanı ölkələrin iqtisadi əməkdaşlığının inkişafı üçün əlverişli şərait yaradılması nəzərdə tutulur.
Nazirlərin görüşlərində regional və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasında üzvlüyü nəzərə alınaraq, çoxplanlı qarşılıqlı fəaliyyətə də toxunulacaq.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatında Qəbələ RLS məsələsinə toxunulmur. Rusiya bu obyektin gələcəkdə icarəsi məsələsini hələ də həll etməyib.

XS
SM
MD
LG