Oktyabrın sonlarına qədər Əfqanıstanın Nəqliyyat Nazirliyinin komissiyası Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus “İL-76” yük təyyarəsinin bu il iyulun 6-da Əfqanıstanın Baqram hava limanından 40-45 kilometr aralıda qəzaya uğramasının səbəbləri haqqında yekun rəyi açıqlayacaq. Bu barədə bu günki mətbuat konfransında qəzanın səbəblərinin araşdırılması üzrə Azərbaycan komissiyasının rəhbəri, AZAL şirkətinin vitse-prezidenti İlham Əmirov bildirib.
Qara qutunun oxunması nəticəsində müəyyən olunub ki, təyyarə vurulmayıb, dağa çırpılaraq qəzaya uğrayıb.
“Silk Way”-in direktoru Şəmsəddin Mirsalayev bildirib ki, təyyarəni dəfələrlə bu marşrutla uçmuş təcrübəli ekipaj idarə edirdi. Lakin naməlum səbəblərdən təyyarə yerüstü xidmətlərlə razılaşdırılmamış trayektoriya ilə, həm də işləməyən enmə zolağına eniş həyata keçirib.
Ekipaj nöqsansız işləyən dispetçer xidməti ilə əlaqədə olub. Təyyarədə 18 ton yük - aviasiyada tətbiq olunan avtolift, qoşqular və sənədlər olub.
Öz növbəsində, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası Birliyinin baş direktoru Şakir Musayev 4 ekipaj üzvünün cəsədlərinin DNK-ekspertizanın köməyilə tanındığını təsdiq edib.
Digər 5 ekipaj üzvünün meyitlərinin tapılmasına artıq ümid yoxdur, qəza yerində yanğın 6 saat davam edib.
Həlak olanların ailələrinə hələlik kompensasiya ödənilməyib. Lakin, əvvəldən müəyyən edilmiş məbləğlər qüvvədədir: “Silk Way” şirkətindən və sığorta şirkətindən hər bir ailəyə 50 000 manat veriləcək.
Qeyd edək ki, qəzaya uğramış təyyarədə 9 ekipaj üzvü, o cümlədən 5 Azərbaycan, 4 Özbəkistan vətəndaşı var idi.
“Silk Way”-in direktoru Şəmsəddin Mirsalayev bildirib ki, naməlum səbəblərdən təyyarə yerüstü xidmətlərlə razılaşdırılmamış trayektoriya ilə, həm də işləməyən enmə zolağına eniş həyata keçirib.