Sentyabrın 24-də Nyu-Yorkda Amerika prezidenti Barak Obama ilə Azərbaycan prezidenti İlham Əliyev arasında keçiriləcək görüş və Amerika prezidentinin Azərbaycanda səfir vəzifəsinə irəli sürdüyü Metyu Brayzanın namizədliyinin Senatın xarici əlaqələr komitəsində təsdiq edilməsi Azərbaycan iqtidarı və müxalifəti tərəfindən müsbət qarşılanıb. Artıq 14 aydır ki, Amerikanın Azərbaycanda səfiri yoxdur və senatda bir neçə dəfə müzakirələrdən sonra nəhayət təsdiq edilib.
İqtidarda olan “Yeni Azərbaycan” Partiyası icra katibinin müavini Mübariz Qurbanlı iki ölkə prezidentinin görüşünün baş tutmasını müsbət hadisə kimi qiymətləndirir. “Çünki, demokratlar hakimiyyətə gəldikdən sonra Amerika administrasiyasının Qafqaz siyasətində yeni münasibətlər müşahidə edilir”.
Müxalifətdə olan “Müsavat” partiyasının başqanı İsa Qəmbər hesab edir ki, prezidentlərin görüşü Amerika Azərbaycan münasibətlərindəki qeyri-müəyyənliyi aradan qaldıracaq.
Cənab Qurbanlının fikrincə, danışıqlarda Azərbaycan ilk öncə Qarabağ probleminin həlli, təhlükəsizlik və ərazi bütövlüyü ilə bağlı məsələləri diqqətə çatdıracaq.
İcra katibinin müavini Amerikanın Azərbaycandan Əfqanıstan, İran, o cümlədən demokratiya, insan haqları, söz azadlığı ilə bağlı gözləntiləri barədə sualın cavabında Azərbaycanın xarici siyasət kursunun milli maraqlarına əsaslandığını önə çəkib.
Cənab Qəmbər hesab edir ki, danışıqlarda Azərbaycan konstruktiv, Amerika prinsipial mövqe tutarsa demokratiya, insan haqları və söz azadlığı sahəsində də müsbət nəticələr əldə edilə bilər.
Metyu Brayzanın səfir təyinatı ölkədə müsbət qarşılanır. Həm müxalifət, həm də iqtidar cənab Brayzanı təcrübəli, regionda yaxşı münasibətləri olan diplomat kimi xarakterizə edir. “Müsavat” başqanı hesab edir ki, Metyu Brayzanın tez bir zamanda işə başlaması hər iki dövlətin xeyrinə olar.
YAP İcra katibinin müavini isə cənab Brayzanın səfirliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi olacağına inanır. “Çünki o münaqişə ilə bağlı dərin biliklərə malikdir”, - M.Qurbanlı qeyd edib.