Accessibility links

Azərbaycan və Dünya Bankı saziş imzalayıb


Azərbaycan və Dünya Bankı saziş imzalayıb
Azərbaycan və Dünya Bankı saziş imzalayıb

Sazişə əsasən Azərbaycan kapital bazarının modernləşdirilməsi layihəsi həyata keçiriləcək. Layihə Azərbaycandakı qiymətli kağızlar bazarının inkişafı strategiyasının həyata keçirilməsinə, fond bazarının informasiya inkişafının texniki təşkilinə yardım məqsədilə hazırlanıb.

Bakıda Azərbaycan hökuməti və Dünya Bankı (DB) arasında kapital bazarının modernləşdirilməsi layihəsi (CMMP) üzrə kredit sazişi imzalanıb. DB layihənin reallaşdırılması üçün Azərbaycana 12 milyon dollar məbləğində vəsait ayırıb.

Trend Agentliyinin məlumatına görə, Azərbaycan hökuməti adından kredit sazişini Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı, bankdan isə DB-nin Bakı nümayəndəliyinin rəhbəri Cozef Ouen imzalayıb.

"Layihə Azərbaycandakı qiymətli kağızlar bazarının inkişafı strategiyasının həyata keçirilməsinə, eləcə də fond bazarının informasiya inkişafının texniki təşkilinə yardım məqsədilə hazırlanıb", - Aslanlı imzalanma mərasimində deyib.

CMMP Dünya Bankının Azərbaycanın maliyyə sektorunun möhkəmləndirilməsi və şaxələndirilməsinə dəstəyinin davamıdır.
Layihənin maliyyələşdirilməsi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB DB qrupuna daxildir) kredit resursları hesabına həyata keçiriləcək.

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) də bu layihənin komponentlərindən birini maliyyələşdirəcək. Kapital bazarının oyunçularının potensialının möhkəmləndirilməsinə və bu layihə çərçivəsində bazar alətlərinin inkişafına SECO 1,6 milyon dollar məbləğdə texniki yardım göstərməyi planlaşdırır.
Layihənin həyata keçirilməsi zamanı əsas diqqət növbəti mərhələ üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə, vahid platforma çərçivəsində qiymətli kağızlarla ticarətin avtomatlaşdırılması prosesinin başa çatdırılmasına ayrılacaq, eləcə də bazarda tələb və təklifin stimullaşdırılması tədbirləri görüləcək.

Bankın Azərbaycandakı indiki portfeli ümumi dəyəri 2,3 milyard dollar olan 20 layihədən ibarətdir. Azərbaycan 1992-ci ildən DB ilə əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində bank hazırda 43 layihənin maliyyələşdirilməsinə 2,9 milyard dollar ayırıb, bu isə Türkiyə və Qazaxıstandan sonra ölkəni portfelin həcminə görə üçüncü yerə qoyur.

XS
SM
MD
LG