Accessibility links

Azərbaycanda narkotiklərin əvəzedici terapiyası “Metadon” layihəsi həyata keçirilir


Azərbaycanda narkotiklərin əvəzedici terapiyası “Metadon” layihəsi həyata keçirilir
Azərbaycanda narkotiklərin əvəzedici terapiyası “Metadon” layihəsi həyata keçirilir

Azərbaycanda narkotiklərə qarşı mübarizə, narkomanlıq, narkotik dozasının aşması nəticəsində ölüm halları

Qeyri-Hökumət Təşkilatlarının Zərərin Azaldılması Şəbəkəsinin eksperti Zülfiyyə Mustafayeva “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanda narkotiklərə qarşı mübarizə, narkomanlıq, narkotik dozasının aşması nəticəsində ölüm halları barədə danışıb.

Onun fikrincə, narkotiklərə qarşı mübarizə narkotik istifadəçilərinə qarşı mübarizəyə çevrilməməlidir. “Narkotik istifadəçilərinə qarşı reabilitasiya və profilaktik tədbirlərə önəm verilməlidir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda 2012-ci ilədək narkotiklərə qarşı mübarizə üzrə dövlət proqramı qəbul edilib. “Bu proqram çərçivəsində 2010-cu ilin uğuru kimi “AİDS haqqında” qanuna zərərin azaldılması komponentinin daxil edilməsini göstərmək olar”.

Rəsmi statistikaya görə, Azərbaycanda 23 mindən çox narkotik istifadəçisi var. Onların 15 min nəfəri narkotikləri venadaxili yolla qəbul edir. “Amma narkotik istifadəçiləri qapalı təbəqədir. Araşdırmalar göstərir ki, onların sayı rəsmi rəqəmlərdən 10-15 dəfə çoxdur. Qeyri-Hökumət Təşkilatlarının apardığı sorğuda iştirak edən narkotik istifadəçilərinin cəmi 4 faizi qeydiyyatda olduğunu etiraf edib”, - deyə xanım Mustafayeva qeyd edib.

O Narkotiklərə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının açıqlamalarına əsaslanaraq deyib ki, ölkədəki narkotik istifadəçilərinin 85 faizi heroindən istifadə edir. “Narkotikin dozasını aşma narkotik istifadəçilərinin ölümünə səbəb olan əsas amil olaraq qalır. Amma, nə dünyada, nə də Azərbaycanda bununla bağlı tədqiqatlar aparılmadığından dozanı aşma halları səbəbindən ölənlərin sayını müəyyən etmək mümkün deyil”.

Ekspertin dediyinə görə, artıq iki ildir Azərbaycanda narkotikin dozasını aşmanın yaratdığı fəsadlarla bağlı təbliğat kampaniyası aparılır. “Azərbaycan regionda ilk ölkədir ki, narkotiklərin əvəzedici terapiyası olan “Metadon” layihəsini həyata keçirir. Hətta, Rusiyada belə qeyri-hökumət təşkilatları neçə illərdir bu proqramın dövlət tərəfindən dəstəklənməsinə nail ola bilmir”.

Bununla belə, Azərbaycanda narkotik istifadəçiləri ilə bağlı siyasətin dəyişdirilməsinə ehtiyac duyulur. “Əsas narahatlıqlar narkotikdən birdəfəlik istifadənin miqdarının artırılması mümkünlüyü, narkotik istifadəçilərinin təqibi və onların daim polis nəzarətində olması ilə bağlıdır”, - deyə xanım Mustafayeva bildirib.

XS
SM
MD
LG