“Böyük Britaniya Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) açıqlamasına istinad edərək Azərbaycanda keçirilən parlament seçkilərinin beynəlxalq demokratik standartlara cavab verməməsindən məyusdur.”
Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanatında deyilir.
Seçkidən sonrakı dövrdə Böyük Britaniya Azərbaycanı sərbəst toplaşmaq və dinc etiraz hüququna hörmət etməyə çağırır.Böyük Britaniya Xarici İşlər Nazirliynin bəyanatından sitat
“ATƏT həddindən artıq məhdud seçki mühitinin həqiqi rəqabətin qarşısını aldığını və səsvermə günü səslərin sayılması zamanı müşahidə olunan prosedur pozuntularının son nəticələri şübhə altına saldığını bildirir. Mərkəzi Seçki Komissiyasının müstəqil şəkildə seçki dövründə şəffaf fəaliyyət göstərəcəyinə inanırıq. Seçkidən sonrakı dövrdə Böyük Britaniya Azərbaycanı sərbəst toplaşmaq və dinc etiraz hüququna hörmət etməyə çağırır. Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlıq münasibətləri mövcuddur. Biz hakimiyyət orqanlarına seçki islahatları və demokratik prosesin təkmilləşdirilməsi ilə bağlı dəstək verməyə hazırıq,” sənəddə qeyd edilir.
Fevralın 9-da Azərbaycanda parlamentə növbədənkənar seçkilər keçirilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, iqtidarda olan Yeni Azərbaycan Partiyası 72 yer qazanaraq parlamentdə əksəriyyət təşkil edəcək. 43 mandatı müstəqil namizədlər qazanıb.
Vətəndaş Həmrəyliyi Partiyasından 3, Vətən, Demokratik İslahatlar, Vətəndaş Birliyi, Vəhdət, Vahid Azərbaycan Xalq Cəbhəsi, Demokratik Maarifçilik, Böyük Quruluş partiyalarının hər birindən 1 namizəd deputat seçilib.
Müxalif Respublikaçı Alternativ Partiyasının üzvü Erkin Qədirli də parlamentə seçilib. Amma partiya rəsmi qeydiyyatdan keçmədiyinə görə o, müstəqil namizədlər kateqoriyasındadır.
Müxalifətdə olan Müsavat Partiyası 60 seçki dairəsində deputalığa namizədlə iştirak etsə də, parlamentdə təmsil olunmayacaq.
Müxalifətdə olan Milli Şura, Xalq Cəbhəsi Partiyaları, o cümlədən Haqq Ədalət Prtiyası seçkiləri boykot edib.
Müxalifətdə olan siyasi partiyalar seçkilərin nəticələrinin xalqın iradəsini əks etdirmədiyini bildirir.
Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası seçkilərin azad və demokratik mühitdə keçirildiyini, seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntularının qeydə alınmadığını bəyan edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçirlən növbədənkənar parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatında deyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.