Bağdadın şimalında intiharçının avtomobili polis yoxlama məntəqəsi yaxınlığında partlatması nəticəsində azı 8 adam həlak olub, 11 nəfər yaralanıb. İraq rəsmilərinin bildirdiyinə görə, eyni ərazidə iki gün bir-birinin ardınca oxşar hücumlar baş verib.
İntiharçı partlayıcılarla dolu maşını əsas etibarilə şiələrin yaşadığı Əl-Rəşidiyyə rayonunda yerləşən polis məntəqəsinin üzərinə sürüb. İŞİD hadisədən dərhal sonra hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Bir gün əvvəl intiharçının eyni ssenari ilə avtomobili insanlarla dolu meyvə-tərəvəz mağazasının yanında partlatması nəticəsində 12 insan həyatını itirib. Polis hücumdan sonra Bağdadın bəzi əsas yollarını bağlamaq məcburiyyətində qalıb.
Ötən həftə baş vermiş iki hücum zamanı 300-dən artıq insan həlak olub
Ötən həftə baş vermiş iki hücum zamanı 300-dən artıq insan həlak olub. Birinci hücumda intiharçı yük maşınını Bağdadda Karada adlı şiə məhəlləsində yerləşən ticarət mərkəzində partlatmışdı. Nəticədə 292 insan həyatını itirib. Bu, 2003-cü il ABŞ-ın İraqa müdaxiləsindən sonra baş vermiş ən ölümcül hücum sayılır. Keçən həftə baş vermiş digər hücum isə 37 adamın həyatına son qoyub.