Ötən həftə Şoubiz proqramında yaradıcılığından söhbət açdığımız əfsanəvi amerikalı aktrisa Loren Bakall 89 yaşında vəfat edib. Bir zamanlar model olan və bir gecədə kino ulduzuna çevrilən Loren Bakall digər film əfsanəsi Hamfri Boqartla birgə bir sıra filmlərdə iştirak edib.
Onun ailəsi Bakallın beyin qansızması nəticəsində Nyu-York şəhərindəki evində vəfat etdiyini deyib.
1940-cı ildə boğuq səsi və cazibədar görünüşü ilə mavi ekrana çıxar-çıxmaz Bakall seyricilər tərəfindən sevilir. 1944-cü ildə “To have and have not” filmində aktyor Boqartla çəkildiyi vaxt onun cəmi 20 yaşı var idi.
Bakall və Boqart növbəti il evlənir və bərabər “Böyük yuxu”, “Qaranlıq dəhliz ” və “Key largo” kimi bir sıra filmlərdə iştirak edir. Merlin Monro ilə çəkildiyi “Milyonçuya necə ərə getməli” adlı film də daxil olmaqla, Bakall 30 dan çox filmdə iştirak edib.
O, 1957-ci ildə Boqart vəfat edənədək onunla evli olur. Daha sonra o, müğənni Frenk Senatra ilə münasibətdə olur və nəhayət aktyor Ceyson Robartdsla evlənir.
Sonrakı illərdə səhnə ifasına görə Bakall iki dəfə ən yaxşı aktrisa kateqoriyasında Tony mükafatının qalibi olur. 2009-cu ildə o, Oskar şərəf mükafatı alır.
1999-cu ildə Amerika Film İnstitutu bütün dövrlərin ən yaxşı 25 aktrisası siyahısında Bakalı 20-ci edir.