Accessibility links

Bakıda inzibati mühakimə məsələləri müzakirə edilir


Bakıda inzibati mühakimə məsələləri müzakirə edilir
Bakıda inzibati mühakimə məsələləri müzakirə edilir

Seminarda inzibati ədalət məhkəməsi və mühakimənin MDB məkanında tətbiqi, Avropa İnsan Hüquqları Konvensiyasının məhkəmələrdə insan haqlarının qorunmasına təsiri, hakimlərin müstəqilliyi ilə bağlı məruzələr dinlənilib.

Bakıda Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Məhkəmə -Hüquq Şurası, Beynəlxalq Hüquqşünaslar İttifaqı, Almaniya Federal Məhkəməsinin hakimlər və prokurorlar Assosiasiyası, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu, ABA ROLİ (Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı ofisi) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Ədalət mühakiməsinin müasir aktual problemləri-İnzibati ədalət mühakiməsi: təcrübə və problemlər” mövzusunda ikigünlük beynəlxalq seminar açılıb. Forumda Almaniya, Rusiya, Ukrayna Ali məhkəmələrinin təmsilçiləri, Belarus Ali Məhkəməsinin sədri, Moskva Arbitraj Məhkəməsinin hakimləri, müxtəlif ölkələrdən olan prokurorlar, hakimlər və ekspertlər iştirak edir.
Seminarda inzibati ədalət məhkəməsi və bu istiqamət üzrə mühakimənin MDB məkanında tətbiqi və Avropa təcrübəsi, Avropa İnsan Hüquqları Konvensiyasının məhkəmələrdə insan haqlarının qorunmasına təsiri, hakimlərin müstəqilliyi ilə bağlı məruzələr dinlənilib.
“Azərbaycanda 2011-ci ilin yanvarında inzibati məhkəmələr fəaliyyətə başlayıb. Bu, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm bir addımdır”, - Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli bildirib. Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkovun dediklərinə görə, sovet dövründə və hazırda MDB məkanında inzibati ədalət mühakiməsi məhkəmə islahatlarının əsas hissəsini təşkil edib. “Avropa Şurası bu islahatları dəstəkləyir. Amma, bəzi MDB ölkələrində inzibati məhkəmələr təşkil edilib, bəzi ölkələrin məhkəmələrində inzibati mühakimənin əlamətləri var. Ancaq bir sıra MDB ölkələrində klassik sovet məhkəmələri qalır. Əlbəttə, əsas məsələ hansı məhkəmə sistemlərinin olması deyil, əsas məsələ məhkəmələrdə insan hüquqlarının necə qorunmasıdır”, - o vurğulayıb. Almaniya Federal Ali Məhkəməsinin vitse-prezidenti Volfqanq Şilk isə hesab edir ki, demokratik ölkələrdə vətəndaşların hüquqlarının təmin edilməsi baxımından inzibati məhkəmələr mühüm əhəmiyyət kəsb edir: “Ədalətli inzibati mühakimə istənilən ölkənin hüquq təhlükəsizliyinin təminində mühüm rol oynayır”. O, Azərbaycanın Avropa hüquq sisteminə inteqrasiyasını müsbət addım adlandırıb. “İnteqrasiya prosesinin dərinləşməsi üçün ilkin olaraq mülki məhkəmə sistemi və ticarət hüququ və digər sahələr təkmilləşdirilməlidir”, - vurğulayıb. Almaniyanın Azərbaycandakı səfiri Heberi Quelle Azərbaycanın Avropaya inteqrasiyasını müsbət addım kimi dəstəkləyir: “İnzibat məhkəmələrinin yaradılması Avropa hüquq sisteminə inteqrasiyanın tərkib hissəsidir. Azərbaycan Avropa Şurası, ATƏT-in üzvüdür, Avropa İttifaqı istiqamətində atdığı addımlar böyük əhəmiyyət kəsb edir. Biz bu təşəbbüsləri alqışlayırıq”. Eyni zamanda səfir diqqəti son dövrlər Bakıda aparılan böyük tikinti və söküntü işlərinə yönəldib. ”Bakı şəhərinin dinamik inkişafı barədə paytaxtda yaşayanlar daha yaxşı bilir. Ancaq “Qış bulvarı” tikintisi ilə bağlı aparılan işlər minlərlə insanın mülkiyyət hüququna toxunur. Bu İnzibati məhkəmələr üçün bir sınaqdır. Ümid edirəm ki, İnzibati məhkəmələr insanların mülkiyyət hüququnun təminatı ilə bağlı bu sınaqdan uğurla çıxacaq”, - səfir qeyd edib.

XS
SM
MD
LG