Accessibility links

Bakıda vətəndaşsızlığın azaldılması məsələləri müzakirə edilib


Bakıda vətəndaşsızlığın azaldılması məsələləri müzakirə edilib
Bakıda vətəndaşsızlığın azaldılması məsələləri müzakirə edilib

Azərbaycanın “Vətəndaşlıq haqqında” qanununun icrası, ölkədə vətəndaşsızlığın səbəbləri, səviyyəsinin azaldılmasına yönəlmiş tədbirlər müzakirə edilib

Bakıda BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı və Avropa Şurası Azərbaycan hökuməti ilə əməkdaşlıq şəraitində “Vətəndaşsızlığın qarşısının alınması və azaldılması” mövzusunda dəyirmi masa keçirib.

Dəyirmi masada Azərbaycanın “Vətəndaşlıq haqqında” qanununun icrası, ölkədə vətəndaşsızlığın səbəbləri, bunun qarşısının alınması və səviyyəsinin azaldılmasına yönəlmiş tədbirlərlə bağlı müzakirələr aparılıb. Eyni zamanda, beynəlxalq konvensiyalar, Azərbaycanın bu sahədə öhdəlikləri də diqqət mərkəzində olub.
Dünyada çox böyük sayda vətəndaşlığı olmayan şəxs var. Hər gün orta hesabla 12 milyon insan uşaqlarını qeydiyyata aldıra bilmir, təhsil, yaşamaq, sərbəst gəzmək, sərhədləri keçmək hüququ pozulur. Sosial təminatı ağır vəziyyətdə olan milyonlarla vətəndaşlığı olmayan insan var.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Arun Sala-Ngarm hesab edir ki, bu problemləri dövlətlərin iştirakı olmadan həll etmək mümkün deyil. “Biz dövlətlərlə əməkdaşlıq şəraitində müsbət təcrübəni gətirə bilərik. Amma problemləri milli dövlətlər həll etməlidir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan hökumətinin Ermənistandan və Özbəkistandan qovulmuş 250 min insana vətəndaşlıq verməsini müsbət davranış kimi qiymətləndirir”.
Nümayəndənin dediyinə görə, dünya üzrə vətəndaşlığı olmayan şəxslərin probleminin həlli istiqamətində keyfiyyətli təşəbbüslər var. “Hazırda ananın öz vətəndaşlığını avtomatik olaraq övladına ötürməsi və insanlara vətəndaşlıq alanadək olduğu ölkədə yaşayış hüququnun verilməsi məsələləri müzakirə edilir. Bu məsələlər 2011-ci ilin dekabrında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədə nazirlər səviyyəsində keçiriləcək 50 illik yubiley toplantısında müzakirə ediləcək”, - deyə o qeyd edib.
Müzakirələrdə vətəndaşlığı olmayan şəxslərin xüsusi vəsiqələrlə təmin edilməsi, onların vətəndaşlarla bərabər fundamental hüquqlarının tanınmasının vacibliyi qeyd edilib.

Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika Kotekin dediyinə görə, 1990-cı illərdə keçmiş sovet məkanında və Balkanlarda bir günün içərisində milyonlarla insan hansı ölkənin vətəndaşı olması ilə bağlı dilemma qarşısında qalıb. Bu problemlər hələ də davam edir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşsızlığın azaldılması ilə bağlı 1997-ci il Avropa Konvensiyasına qoşulmayıb. “Ümid edirik ki, Azərbaycan yaxın zamanda bu konvensiyaya qoşulacaq. Hazırda Azərbaycan Konvensiyanı qəbul etməsə də onun prinsiplərinə açıq olmalıdır. Vətəndaşlığa qəbul proseduru da açıq və şəffaf olmalıdır”.
2007-ci ilin məlumatlarına görə, Azərbaycanda 2008 nəfər vətəndaşlığı olmayan şəxs var. Ancaq, Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev hesab edir ki, real rəqəmlər bundan dəfələrlə çoxdur. “Azərbaycanda indi 30 mindən çox insan statussuz yaşayır”.

Onun sözlərinə görə, ölkədə Gürcüstandan olan çoxsaylı insan var ki, hər hansı statusa malik deyil. Onların əksəriyyəti 1991-92-ci illərdə gəlib və Gürcüstana qayıtmaq istəmir. “Həmin şəxslərin sovet pasportlarının vaxtı ötüb və hazırda sənədləri yoxdur”.

Keçmiş Sovet məkanında 500 mində çox vətəndaşlığı olmayan şəxs var. Ekspertlər hesab edir ki, rəsmi statistika reallığı əks etdirmir. Keçmiş Sovet məkanında vətəndaşlığı olmayan insanlar əsasən SRRİ - nin dağılması, qanunvericiliklərdəki boşluqlar, vətəndaşlığa qəbul prosedurunun şəffaf olmaması, vətəndaşlığa qəbul üçün çoxsaylı sənədlərin tələb edilməsi və şərtlərin ağır olması vətəndaşlığı olmayan şəxslərin artmasına təkan verir. Ancaq müsbət təcrübələr də var.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının baş hüquqşünası Yorun Brandvol deyib ki, 2006-2010-cu illərdə Rusiyada 245.057 nəfərə, 2008-ci ildə Belorusda 1879, Ukraynada 3291 nəfərə vətəndaşlıq verilib.

“Qırğızıstan 5 il daimi yaşayan insana avtomatik vətəndaşlıq verir. 2008-ci ildə Türkmənistan Tacikistandan olan 12 min insana vətəndaşlıq verib. Ukrayna isə 250 minlik Krım tatarlarını vətəndaşlığa qəbul edib. Gürcüstanda son illər 9000 nəfər sənədsiz insanın hüququ təmin edilib”.
Müzakirələrdə həmçinin Azərbaycanda xarici vətəndaşların doğulan uşaqlarına vətəndaşlıq verilməsi, vətəndaşlığı olmayan şəxslərə xarici ölkələrə getmək üçün sənədlərin verilməsi, əcnəbilərlə vətəndaşlığı olmayan şəxslərin ayrı-ayrı vəsiqə nümunələrinin müəyyənləşdirilməsi, onların sosial və təhsil hüquqlarının təminatı ilə bağlı məsələlər diqqət mərkəzində olub.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Arun Sala-Ngarmın sözlərinə görə, Azərbaycan nümayəndəliyi indiyədək 2300 nəfərə qaçqınlıq statusu verib. “Hazırda nümayəndəlik qaçqınlıq statusu üçün müraciət etmiş minədək adamın işini araşdırır”.

XS
SM
MD
LG