Accessibility links

Azərbaycanda "Fətullah Gülən tərəfdarlarına" qarşı cinayət işi qaldırılıb


Baş Prokurorluq
Baş Prokurorluq

Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan "Fətullah Gülən tərəfdarlarına" qarşı cinayət işi açılıb.

Bu barədə Trend agentliyinə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Sultanov qeyd edib ki, Azərbaycanda "Gülən tərəfdarlarının" qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Onun sözlərinə görə, hazırda cinayət işi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bununla yanaşı, mətbuat xidməti cinayət işi üzrə ittiham irəli sürülən şəxslərlə bağlı məlumat verməyib.

Hökumətə yaxın media orqanlarının yaydıqları məlumata görə, Azərbaycanın hökumət qurumlarında, parlamentdə, biznes dairələrində, təhsil sahəsində çoxsaylı "Gülən tərəfdarları" çalışır, halbuki bu ifadənin kimlərə hansı izahat yaxud motivlərlə tətbiq olunduğu aydın deyil. Azərbaycanda çox sayda jurnalistlər və müxalifət fəalları müxtəlif ittihamlala həbs və məhkum olunublar.

Fətullah Gülənin himayə etdiyi bildirilən məktəblər dünyada ilk dəfə Azərbaycanda fəaliyyətə başlayıb. Fətullah Gülənlə problemlər yarananadan sonra Azərbaycan həmin məktəbləri dövlət qurumlarının nəzdinə verib və bu yaxınlarda Azərbaycanın özəl ali məktəbləri arasında öncül olan Qafqaz Universiteti Bakı Neft Məktəbinin idarəçiliyinə verilib.

Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb. Rəcəb Tayyib Ərdoğan hökuməti qiyam cəhdinin arxasında ABŞ-ın Pennsilvaniya ştatında yaşayan Fətullah Gülənin dayandığını iddia edir.

XS
SM
MD
LG