Accessibility links

Bakı-Novorossiysk kəməri tərsinə işləyəcək


Bakı-Novorossiysk neft kəməri
Bakı-Novorossiysk neft kəməri

İndiyədək Azərbaycandan neft daşıyan kəmər, bundan sonra Rusiyadan Azərbaycana neft daşıya bilər

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Urals” markalı neftin Bakı-Novorossiysk neft kəməri vasitəsi ilə geriyə nəqli ilə bağlı Rusiyanın “Rosneft” şirkəti ilə danışıqlar aparır. Bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev jurnalistlərlə söhbətində bildirib.

O deyib ki, “Rosneft” şirkəti ilə aparılan danışıqlara əsasən, ilkin mərhələdə Bakı-Novorossiysk kəməri ilə 5 milyon ton həcmində Rusiya nefti Azərbaycana idxal olunacaqdır.

“Həmin neftin bir hissəsi Heydər Əliyev adına Bakı neft emalı zavodunda emal olunacaq, qalanı isə Bakı-Tbilis-Ceyhan neft kəməri ilə nəql olunaraq Ceyhan limanından Avropa bazarına çıxarılacaqdır. Bütün bunlarla bağlı dəqiq hesablamalar aparılır və ilin sonunadək “Rosneft” şirkəti ilə hər hansı razılıq əldə olunacağı planlaşdırılır”.

Abdullayev bildirib ki, ARDNŞ neft-qaz sənayesində dünyanın bütün şirkətləri ilə tərəfdaşlıq edir.

“Rosneft” şirkəti də ildə orta hesabla 210 milyon ton neft istehsal edən tanınmış şirkətdir. Bu gün iki şirkət arasında neftin mənfəətli satışına dair də birgə tərəfdaşlıq işləri aparılır”, o qeyd edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, Rusiya neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınmasına ARDNŞ deyil, BP şirkəti qərar verə bilər. Çünki Bakı-Tbilisi-Ceyhan Co şirkətinin operatoru BP şirkətidir.

Onun fikrincə, Rusiya neftinin ARDNŞ-nin neft emalı müəssisələrində emal edilməsi də birbaşa mümkün deyil.

“Bunun üçün Bakının neft emalı zavodlarında müəyyən dəyişikliklər aparılmalıdır, çünki buradakı qurğular uzun illərdir yalnız yerli neftin emalına uyğunlaşdırılıb”.
2014-cü ilin əvvəlindən ARDNŞ öz neftini Rusiya istiqamətində ixrac etməyəcək. Bu isə ildə 2 milyon ton neft deməkdir.

“ARDNŞ bu nefti öz emal zavodlarına göndərə bilər ki, nəticədə daha çox neft, yəni gəlir qazanar”, ekspert deyib.

Şaban həmçinin deyib ki, Bakıdakı neft emalı zavodlarının layihə gücü 22 milyon tondur. Bununla yanaşı, zavodların emal gücü reallıqda 10 milyon ton da deyil.

“ARDNŞ əvvəllər Bakı-Novorossiysk kəməri ilə ixrac edilən 2 milyon ton nefti öz emal müəssisələrinə yönəltsə, bu, faktiki onun emal müəssisələrindəki neftin ümumi həcminin 8,5 milyon tona çatmasına səbəb olar. Digər tərəfdən, Qazaxıstanın Tengiz markalı neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli ona görə dayandırıldı ki, “BTC Co.” bu neftin çox ciddi şəkildə təmizlənməsini tələb edirdi. “Rosneft”in gətirəcəyi neft “Urals” markalıdır və aydındır ki, “BTC Co.” onu təmizlənmədən qəbul etməyəcək. Bu prosesi Rusiya şirkəti həyata keçirdikdə ona nəqletmə çox baha başa gələcək”.

Ekspert həmçinin “Rosneft”-in Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft daşımasına da təəccüblə yanaşır.

“Rusiyanın özünün dünyanın bir çox bazarına çıxış üçün infrastrukturu mövcuddur. Belə olan halda Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft daşımaq “Rosneft”in nəyinə lazımdır”, o sual edib.
XS
SM
MD
LG