Accessibility links

Baltimor şəhərinə Milli Qvardiya qoşunları yerləşdirilib [Fotoqalereya]


Bu ayın əvvəli aldığı xəsarətdən həbsxanada keçinən 25 yaşlı Freddi Qreyin dəfninin ardınca Baltimor şəhərində keçirilən nümayişlər zamanı zorakılıqların baş verməsinə görə Merilend ştatının Milli Qvardiya qoşunları şəhərə göndərilib.

Merilend qubernatoru Lerri Hoqan Baltimor şəhərində fövqəladə vəziyyət elan edib. Şəhərdə məktəblər bağlanıb. Baltimorun meri Stefani Ravlinqs-Bleyk ixtişaşaları şəhər tarixində ən pis dövr adlandıraraq, bir həftə qadağan saatı elan edib.

Yanğınsöndürənlər Baltimor boyu törədilmiş yanğınlarla mübarizəni davam etdirir.

Zorakılıqlar dərslər təxirə salındıqdan sonra yüzlərlə məktəblinin yerli ticarət mərkəzinə doğru irəliləməsi ilə başlayıb. Zorakılıqlar daha sonra şəhərin küçələrini bürüdükcə, polisin hadisələrin qarşısını alması çətinləşib və beləliklə dinc nümayiş qarşıdurmaya çevrilib.

Nümayişçilər onlarla mağazanı soyub, maşınları yandırıb. Onlar ixtişaş polisinə daş, kərpic, butulka və digər əşyalar atıb. Polis komissarı Antoni Betts deyib ki, toqquşma zamanı 15 zabit xəsarət alıb. Onlardan altısı xəstaxanaya çatdırılıb. Azı 20 nümayişçi həbs edilib.

Qreyin ailə üzvləri ixtişaşlara son qoyulmasına çağırıb.

“Mən də sizin qədər kədər içindəyəm. Lakin mən istəmirəm ki, siz ixtişaş yaradasınız. Mən istəyirəm ki, siz hamınız mənim oğlum üçün ədalət tələb edəsiniz. Lakin bu yolla deyil. Mənim oğluma görə şəhəri viran qoymayın. Bu səhf addımdır”-deyə Qreyin anası bildirib.

XS
SM
MD
LG