Accessibility links

“Şəffaflıq Azərbaycan”: Nağd əməliyyatlara total qadağa qoyulması yol deyil


Rəna Səfərəliyeva
Rəna Səfərəliyeva

Son vaxtlar “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərinin icrası adı ilə banklar tərəfindən müştərilərə (biznes subyektlərinə), o cümlədən Qeyri-Hökumət Təşkilatlarına (QHT) münasibətdə bir sıra problemlər yaradılması müşahidə olunur. Elə təəssürat yaranır ki, qanunun qüvvəyə minməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklara göndərilən qanunun icrası ilə bağlı göstəriş məktubu banklar tərəfindən aydın anlaşılmayıb, bütün hüquqi şəxslərə və fərdi sahibkarlara, o cümlədən QHT-lərə münasibətdə tətbiq edilməyə başlanılıb. Nəticədə QHT-lərin fəaliyyətində bir sıra problemlərin yaranmasına səbəb olub. Bu barədə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyevanın bəyanatında bildirilir.

“Banklar tərəfindən QHT-lərin (maliyyələşmə mənbəyindən asılı olmayaraq) korporativ bank kartları ilə bankomatdan pulu nağdılaşdırması faktiki qadağan olunaraq həmin kartlardan nağd pul vəsaitinin əldə edilməsinə maneələr yaradılıb, kartlar bloklaşdırılıb”, R.Səfərəliyeva qeyd edib.

Palatanın məktubunda göstərilib ki, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub. Lakin banklar tərəfindən sözügedən müddəanın QHT-lərə dövlət büdcəsi hesabına verilmiş qrant müqavilələrinə də şamil edilərək tətbiqinə başlanılmayıb.

"Şəffaflıq Azərbaycan" təşkilatı
"Şəffaflıq Azərbaycan" təşkilatı

R. Səfərəliyeva qeyd edib ki, qanunda fərdi sahibkarlara bankomatdan 15000 manat məbləğinə qədər nağdılaşdırma həddi müəyyən edilsə də praktikada banklar tərəfindən bu məbləğ heç bir əsas olmadan 5 000 manatadək azaldılıb.

“Təşkilatımıza daxil olmuş şikayətlərdən məlum olur ki, fərdi sahibkarlara korporativ bank hesablarından ayda cəmi 5. 000 manatməbləğinə qədər nağdılaşdırma həddi müəyyən edilib. Sahibkar yerdə qalan 10000 manatməbləği nağdılaşdırmaq üçün banka getməyə məcburdur. Hesab edirik ki, sözügedən bu məhdudiyyətin heç bir qanuni əsası yoxdur.

Əlavə Dəyər Vergisi məqsədləri üçün qeydiyyata alınan və vergi tutulan əməliyyatlarının həcmi 200 000 manatdan yuxarı ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri 30 000 manat məbləğində, digər vergi ödəyiciləri, yəni vergi tutulan əməliyyatlarının həcmi 200 000 manatdan aşağı olan ticarət və ictimai iaşə, xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri, habelə büdcə təşkilatları, QHT-lər15 000 manat məbləğində bankdan pul nağdlaşdıra bilər”.

Sənəddə deyilir ki, qanunun icrasına nəzarəti həyata keçirən qurum qismində Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara göndərdiyi məktub və ya göstəriş qanun çərçivəsində icra edilməlidir.

“Palatanın qanundankənar banklar tərəfindən məhdudiyyətlər yaradılmasına dair göstəriş verməyə səlahiyyəti yoxdur. Bizim təşkilat qanunun tələblərinin praktikada fərqli şəkildə tətbiq olunduğunu nəzərə çatdırır, onun düzgün tətbiq edilməməsinin biznes və QHT sektoruna mümkün mənfi təsirlərindən narahat olduğunu bildirir. “Şəffaflıq Azərbaycan” təşkilatı ölkədə nağdsızlaşma prosesini dəstəkləyir, lakin bu prosesin nağd əməliyyatlara total qadağa qoyulması yolu ilə deyil, ağlabatan məhdudiyyətlərin tətbiqi vasitəsilə təşviq edilməsini dəstəkləyir”, bəyanatda vurğulanır.

XS
SM
MD
LG