Qazaxıstan Milli Bankı Azərbaycan Beynəlxalq Bankının (ABB) borcunun restrukturizasiyası ilə bağlı variantı qəbul edib. Beynəlxalq Bankın qiymətli kağızlarına Qazaxıstan Pensiya Fondundan 250 milyon dolar investisiya qoyulub.
“Qazaxıstan hökuməti ilə birgə borcun Azərbaycanın 15 illik suveren istiqrazları və illik 3,5%-lik kuponla əvəz edilməsi varinatı qəbul edilib", Tengrinews.kz saytı məlumat verir. Bu variantı ABB kreditorlarının 50,2%-i seçib.
"ABB-nin məlumatına görə, restrukturizasiya proseduru sentyabrın I yarısında başa çatacaq. Hazırda Qazaxıstan Milli Bankı plana uyğun olaraq, pensiya aktivləri üzrə əvəzin ödənilməsi üçün zəruri işləri görür", Qazaxıstan Milli Bankı bildirir.
Xəbər verildiyi kimi, iyulun 18-də ABB-nin xarici kreditorları bankın 3,34 milyard dollar xarici öhdəliyinin restrukturizasiya planı üzrə yekun qərar qəbul edib. Bank kreditorların razılığını ala bilib.
11 may 2017-ci ildə ABB xarici borc üzrə ödənişləri dayandırdığını bildirib və investorlara təklif edib ki, borclarının bir hissəsini Azərbaycanın illik suveren istiqrazları ilə əvəz etsin. Maliyyə Nazirliyi bu məqsədlə 2,4 milyard dollar məbləğində istiqraz emissiya edəcək. ABB 1992-ci ildə yaradılıb və səhmlərinin 76,73%-i dövlətə məxsusdur.