Amerika xalqına müraciətində ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama amerikalılara Milad bayramı münasibətilə təbriklərini çatdırıb və bütün ailə adından gözəl qış tətili arzulayıblar.
Obamalar "Amerika xalqına xidmət etmək kimi şərəfə nail olduqları" səkkiz il ərzində görülən işlər və əldə olunan nailiyyətləri xatırlayıblar.
"Biz birlikdə son 80 ildə baş vermiş ən ağır iqtisadi böhrandan çıxa bildik və son 9 ildə işsizliyin ən aşağı səviyyəyə çatdırılmasına nail olduq. Biz 20 milyondan ox amerikalını tibbi sığorta ilə təmin etdik, sığortası olanlara isə yeni proqramlar təklif etdik. Biz planetin uşaqlarmız üçün mühafizə edilməsi işində liderliyi öz üzərimizə götürməklə Amerikaya bütün dünyada hörmətin artmasına nail olduq"-deyə Obama bildirib.
Obamalar amerikalılara Milad bayramı günü tərənnüm edilən sevgi, mərhəmət və ümid kimi dəyərlərin rolunu xatırladıb.
Prezident Obama bu dəyərlərin təkcə xristianlar deyil, Amerikada yəhudilər və müsəlmanlar daxil olmaqla başqa dinlərin nümayəndələri, eləcə də dini mənsubiyyəti olmayan amerikalılar üçün eyni dərəcədə universal dəyərlər olduğunu qeyd edib.
ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama ölkəyə xidmət göstərən hərbçilərə təşəkkür bildirərək, onların amerikalıların təhlükəsizliyi naminə verdiyi qurbanları xatırladıb. Obamalar bayram günlərində hərbçilər, müharibə veteranları və onların ailələrinə dəstək göstərməyə çağırıblar.