Accessibility links

Bayden 2 trilyon dollarlıq infrastruktur planını təşviq edir


ABŞ Prezidenti Co Bayden yollar, körpülər, içməli su, elektrik enerjisi və tranzit sistemlərini əhatə edən 2 trilyon dollarlıq infrastruktur planını təşviq etmək məqsədilə çərşənbə günü Pensilvaniya ştatının Pitsburq şəhərlərinə səfər edir.

Administrasiyanın yüksək səviyyəli rəsmisi çərşənbə axşamı jurnalistlərə layihələrin təxminən 8 il ərzində həyata keçirilməsinin planlaşdırıldığını deyib.

"Bunlar çox bahalı investisiyalardır və ekspertlərin fikrincə bütün çatışmazlıqların aradan qaldırılmasına və iqtisadi səmərəliliyin artırılmasına yardım edəcək. Və düşünürük ki, bir ölkə olaraq bunları etməyə bilmərik" - deyə, rəsmi bildirib.

Bayden bütün bu layihələrin korporasiyaların vergilərini 21% -dən 28% -ə qaldırmaq da daxil olmaqla, şirkət vergilərində dəyişikliklər etməklə ödənilməsini təklif edir.

Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı administrasiyanın paketin maliyyələşdirilməsi ilə bağlı təkliflərə açıq olduğunu, lakin ölkə infrastrukturu ilə bağlı vəziyyətin narahatlıq doğurduğunu deyib.

Konqresdəki Respublikaçılar Baydenin vergiləri artırma planına qarşı çıxaraq, bunun amerikalı işçilərə zərər verəcəyini, iqtisadi artımı ləngitəcəyini və ABŞ şirkətlərinin dünya bazarında rəqabətliliyini azaldacağını deyir.

Baydenin çıxışından əvvəl onun planı barədə danışan administrasiya rəsmisi deyib ki, təklifin əsas məqsədlərindən biri "gələcək infrastrukturun iqlim dəyişikliyinə davamlı olmasından" ibarətdir.

Rəsmi Baydenin içməli su sistemindəki bütün qurğuşun borulardan istifadəni dayandırmaq və hamının geniş zolaqlı internetə çıxışın olmasını istədiyini deyib.

XS
SM
MD
LG