Accessibility links

Bayden Ukraynanın narahatlıqlarını aradan qaldırmağa çalışır


Birləşmiş Ştatlar Kiyevi Ukrayna torpaqlarının müdafiəsinə yardım üçün quru qoşunları göndərməkdən imtina etməsinə baxmayaraq, Vaşinqtonun Rusiyanın işğalının qarşısını almaq strategiyasının işə yarayacağına əmin etməyə çalışır.

ABŞ prezidenti Co Bayden cümə axşamı təxminən bir saat yarım Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışıb və Ukrayna liderini bu həftənin əvvəlində Rusiya prezidenti Vladimir Putinlə etdiyi müzakirəsi barədə məlumatlandırıb.

Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə deyib ki, Bayden “Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimizi bildirib, Rusiyanın hərbi müdaxiləsi olduğu halda sərt tədbirlərlə cavab vermək öhdəliyini vurğulamağa çalışıb.”

Zelenski Twitter səhifəsində yazıb ki, söhbət zamanı həmçinin “Donbasdakı münaqişənin həlli üçün mümkün yollar müzakirə edilib və Ukraynada daxili islahatlara toxunulub”.

Bayden həmçinin cümə axşamı “Buxarest Doqquzluğu” qrupu, NATO-nun şərq cinahındakı ABŞ müttəfiqləri - Bolqarıstan, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya liderləri ilə 40 dəqiqə telefon brifinqi keçirib.

Ukrayna və Vaşinqtonun Şərqi Avropadakı müttəfiqləri Rusiyanın sərhəd boyunca qoşun toplamasından sonra Ukraynanı işğal etməyə qərar verəcəyi təqdirdə ABŞ-dan müdafiə və digər yardımlar istəyib.

Ukraynanın kəşfiyyat rəsmiləri sərhəddə azı 90 min rus əsgərinin olduğunu bildirib. Washington Post-un keçən həftə bildirdiyinə görə, ABŞ kəşfiyyatı gələn ilin əvvəlində başlaya biləcək mümkün hücumdan əvvəl bu rəqəmin 175 min olacağını təxmin edir.

ABŞ-ın müdafiə rəsmiləri cümə axşamı rəqəmləri birbaşa şərh etməkdən imtina etsələr də, Rusiya qoşunlarının sərhəddə mövcudluğunun sabit göründüyünü bildiriblər.

“Biz bunu diqqətlə izləyirik və Rusiyanın qərbində, Ukrayna yaxınlığında, Ukrayna sərhədləri yaxınlığında hələ də hərbi mövcudluq çox böyükdür. Orada heç bir ciddi dəyişiklik olmayıb"- deyə, Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə bildirib.

Rusiyanın hərbi texnikası Krım yarımadasında
Rusiyanın hərbi texnikası Krım yarımadasında

Çərşənbə günü Bayden Rusiyanın mümkün işğalına qarşı Ukraynaya ABŞ qoşunlarının göndərilməsi ehtimalını istisna edərək, jurnalistlərə "Bu nəzərdə tutulmayıb" deyib.

Öz növbəsində Rusiya cümə axşamı qərbi qoşunlarının hərəkətini şişirtməkdə günahlandırıb və Ukraynanın məsələni öz əlinə almağa çalışdığı barədə xəbərdarlıq edib.

Rusiyanın Tass xəbər agentliyi Baş qərargahlar rəisi Valeri Gerasimova istinadən "NATO ölkələri Rusiya ərazisində qoşunların hərəkətinə həddindən artıq diqqət yetirir" bildirib.

Gerasimov “Mətbuatda Rusiyanın guya Ukraynaya işğala hazırlaşması ilə bağlı yayılan xəbərlər yalandır. Ukraynanın helikopterlər, pilotsuz uçuş aparatları və təyyarələrlə təmin edilməsi Ukrayna hökumətini qəfil və təhlükəli addımlar atmağa sövq edir” deyib.

Bütün bu xəbərdarlıqlara baxmayaraq, ABŞ rəsmiləri, lazım gələrsə, Ukraynaya və digər müttəfiqlərinə yardım göstərməyi vəd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG