Accessibility links

"2006-dan bəri İran Azərbaycanı və Tehran arasında yaranan çat müharibədən sonra daha da dərinləşdi"


Behzad Ciddi deyir ki, 2006-cı ilin may qiyamından sonra İran Azərbaycanı və Tehran arasında yaranan çat daha da dərinləşir. Amerikanın Səsinə danışan milli fəalın sözlərinə görə, İran hakimiyyəti və vətəndaş cəmiyyətinin ikinci Dağlıq Qarabağ müharibəsində sərgilədiyi anti-Azərbaycan mövqeyi bu hissi parçalanmanı dərinləşdirir.

“Azərbaycanın mədəni toplumu ilə İranın mərkəz və irançı mədəni toplumu arasında 2006-cı ildən böyük bir çatlaq yaranıb. 2006 etirazlarında fars mədəni toplumu Azərbaycanda etirazçıları döyən, həbs edən və öldürən İran hakimiyyətini qınamaqdansa, hakimiyyəti dəstəklədi. Hakimiyyətə arxa çıxdı,” Ciddi söyləyir.

Onun dediklərinə görə, “o tarixdən bu tərəfə Tehranda və mərkəzdə etirazlar olanda Azərbaycanda səssizlik var və Azərbaycanda geniş etiraz olanda Tehranda və mərkəzdə səssizlik var. İran mədəni toplumu hakimiyyətə qarşı olsa da, Azərbaycan məsələsinə gəldikdə İran hakimiyyətini dəstəkləyir.”

Son Dağlıq Qarabağ müharibəsində də, Ciddinin fikrincə, İran Azərbaycanı və ümumiyyətlə türk icması ilə Tehran arasında ciddi fikir ayrılığı yarandı.

İranın medya qurumları da Azərbaycana qarşı yazırdılar. Bütün yazılarında Ermənistanı dətəkləyirdilər. Buna görə, daha əvvəl siyasi fəallar arasında olan çatlaq toplumda da daha dərinləşdi.


Behzad Ciddi deyir ki, “İranın ikinci Qarabağ müharibəsinə necə yanaşmasını mən iki hissəyə bölürəm. Birinci hissə, sentyabrın 27-dən oktyabrın 1-ə qədər idi. Yəni, müharibənin ilk başlanışından Güney Azərbaycandakı geniş etirazlara qədər. Bu müddətdə İran hakimiyyəti Qarabağda baş verənləri çox ciddiyə almırdı.Yəni atəşkəsin pozulmasını sıradan bir atışma kimi dəyərləndirirdi. Buna görə ciddiyə almırdı. Qarabağda baş verənlərin xəbərlərini boykot etməyə çalışırdı. Güney Azərbaycan toplumunu bu məsələdən uzaq tutmağa çalışırdı və eyni zamanda Ermənistana yardımlarını davam etdirirdi. Etirazlardan sonra Xarici İşlər Naziri Cavad Zərif və onun sözçüləri tvit yazıb Azərbaycan və Ermənistanı savaşı durdurub, məsələni danışıq yolu ilə həll etməyə çağırırdılar.”

O, Dağlıq Qarabağ müharibəsinin İrandakı əks-sədasının 2006-cı ildən bəri İran Azərbaycanı və Tehran arasında yaranan hiss parçalanmanı dərinləşdirdyini vurğulayır:

“Qarabağ məsələsində İranın başqa qeyri-fars etniklərə mənsub siyasi fəalları da, yetərli olmasa da, Güney Azərbaycanda həyata keçirilən etirazlara az da olsa səs verdilər. Ancaq, fars və irançı mədəni toplum açıq-aydın çəkinmədən Ermənistanın tərəfini tutub və bütün yazılarında Ermənistanı dətəkləyirdilər. İranın media qurumları da Azərbaycana qarşı yazırdılar. Buna görə, daha əvvəl siyasi fəallar arasında olan çatlaq toplumda daha da dərinləşdi” - deyə, Behzad Ciddi əlavə edir.

XS
SM
MD
LG