Accessibility links

Belarusla Rusiya birgə hərbi təlimlərə hazırlaşır


Belarus lideri Aleaksandr Lukaşenko fevral ayında NATO-ya üzv olan şərq ölkələri və Ukrayna ilə sərhəd yaxınlığında Rusiya ilə hərbi təlimlər keçiriləcəyini bildirib.

Yanvarın 17-də Belarus ordusunun yüksək səviyyəli rəsmiləri ilə görüşü zamanı Lukaşenko təlimlərin dəqiq tarixlərinin və nə qədər hərbçinin cəlb ediləcəyinin hələ dəqiqləşdirilmədiyini deyib.

Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfaviç daha sonra BelTA xəbər agentliyinə bildirib ki, Rusiya hərbi qüvvələri və texnikası ölkəyə gəlməyə başlayıb.

Bu açıqlama həm Belarus, həm də Rusiya ilə həmsərhəd olan, Qərbin müttəfiqi Ukraynanın təhlükəsizliyi ilə bağlı Qərblə Moskva arasında son aylar gərginliyin artdığı bir vaxta təsadüf edir.

Kiyev 2014-cü ilin aprelindən bəri 13200-dən çox insanın ölümünə səbəb olan münaqişədə Kremlin dəstəklədiyi separatçılarla mübarizə aparır.

Rusiyanın on minlərlə əsgərini Ukrayna ilə sərhədə yerləşdirməsi Kiyev və onun Qərb müttəfiqlərini potensial işğala hazırlıq ola biləcəyinə görə narahat edib. Moskva işğalla bağlı fikirləri rədd edib.

Bu arada Rusiya prezidenti Vladimir Putin 2020-ci ilin avqust ayında mübahisəli prezident seçkilərində qalib gələrək, ardıcıl altıncı müddətə prezident olan müttəfiqi Lukaşenkonu dəstəkləməkdə davam edib.

Rəsmi seçkilərin nəticələri etiraz dalğasına səbəb olub. Lukaşenko müxalifətçilərə qəddar repressiya ilə cavab verib. Nəticədə minlərlə insan həbs edilib və müxalifət siyasətçilərinin əksəriyyəti təhlükəsizlik səbəbindən ölkəni tərk etməli olub.

Lukashenko yanvarın 17-də gələn ay Rusiya ilə birlikdə keçiriləcək hərbi təlimlərdə ölkəsinin ordusunun “Qərbdən gələn təhlükəyə müqavimət göstərməyə” diqqət yetirilməli olduğunu deyib.

O, heç bir sübut gətirmədən təlimlərin Ukrayna, Polşa və Baltikyanı ölkələrin qoşunlarını Belarusun sərhədi boyunca yerləşdirdiklərinə görə keçiriləcəyini bildirib.

Polşa və üç Baltikyanı ölkə - Estoniya, Latviya və Litva həm Avropa İttifaqı, həm də NATO üzvüdür.

Ötən həftə ABŞ və onun NATO müttəfiqləri Ukrayna ilə bağlı gərginliyi azaltmaq məqsədi ilə Rusiya ilə danışıqlar aparsalar da, danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.

XS
SM
MD
LG