Accessibility links

Litva Belarusun miqrantlardan Aİ-yə təzyiq vasitəsi kimi istifadə etdiyini deyir


Litva Avropa İttifaqını Belarusa və ölkənin avtoritar rəhbəri Aleksandr Lukaşenkoya sərhədindən keçərək Baltikyanı ölkəyə qanunsuz miqrant axını göndərdiyinə görə yeni cəza tədbirlərinə çağıracağını deyib.

Vilnüs müxalifət bloger və rəfiqəsini həbs etmək üçün Ryanair-in sərnişin təyyarəsinin Belarusa məcburi yönləndirilməsindən sonra tətbiq etdiyi sanksiyalara cavab olaraq Minski miqrantlardan 27 üzvlü quruma təzyiq vasitəsi kimi istifadə etməkdə günahlandırıb.

Litva Aİ-ni Lukaşenko rejiminə qarşı sərt cavab verməyə çağıran ən qatı tənqidçilərdən biri idi. İyulun 5-də Litva Svetlana Tixanovskayanın rəhbərlik etdiyi Belarus demokratik müxalifətinə Aİ ölkəsində rəsmi status verib.

"Qaçqınlardan siyasi silah kimi istifadə edilməsi... Avropa İttifaqının ortaq strategiyaya sahib olması üçün həmkarlarımla danışacağam" - deyə, iyulun 12-də Aİ-dən olan həmkarları ilə görüş keçirmək Brüsselə gedən Litva Xarici İşlər Naziri Qabriyelius Landsberqis bildirib.

Ötən həftə Litvanın Baş naziri İnqrida Simonite Belarusun miqrantlara Minskə uçuş təklif etdiyini söyləyərək Vilnüsə çatmış ən azı bir miqrant üzərində tapılan sənədlərə istinad etmişdi.

Mayda Lukaşenko ölkəsinin miqrantların Aİ-yə qərb sərhədindən keçməsinin qarşısını almayacağını söylədikdən sonra yüzlərlə insan Litvaya keçmişdi.

İyulun 12-də Avropa İttifaqının Sərhəd Mühafizə Agentliyi Frontex miqrantlarla danışıqlar üçün əlavə heyət göndərəcəyini, insanların axını ilə əlaqəli cinayət şəbəkələrində məlumat toplayacağını deyib. Vilnüs isə ötən həftə 550 m-lik kəsici tel sərhəd magistralının inşasına başladığını açıqlayıb.

"Litvanın Belarus ilə sərhədindəki vəziyyət narahatlıq doğurur. Mən Aİ-nin xarici sərhədini gücləndirmək üçün Litvaya sürətli sərhəd müdaxiləsi göndərməyə qərar verdim" - deyə, Frontex-in İcraçı Direktoru Fabris Leggeri bildirib.

Frontex-in verdiyi məlumata görə, iyul ayının ilk həftəsində Litva rəsmiləri öz sərhədində 800-dən çox qanunsuz keçidi qeydə alıblar. Bunların çox hissəsi meşəlik ərazilər boyunca Belarusdan keçib.

Bundan başqa, Litva iyulun 12-də Belarus ilə cənub-şərq sərhədindəki Dieveniskes qəsəbəsində 500 qanunsuz miqrantın yerləşməsi üçün yeni bir düşərgə açacağını açıqlayıb.

XS
SM
MD
LG