Accessibility links

Berlində azərbaycanlı mühacir jurnalist döyülüb


Berlində azərbaycanlı mühacir jurnalist döyülüb
Berlində azərbaycanlı mühacir jurnalist döyülüb

Fəxrəddin Hacıbəylinin iki qabırğası sınıb, qapalı kəllə-beyin travması alıb. Jurnalist hazırda həmin diaqnozlarla Berlin xəstəxanalarının birində müalicə alır və həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Avropada Yaşayan Azərbaycanlılar (AYA) Almaniyada mühacirətdə yaşayan azərbaycanlı jurnalist Fəxrəddin Hacıbəylinin martın 18-də döyülməsini pisləyən bəyanat yayıb. Bəyanat Almaniyanın hüquq-mühafizə orqanlarına, Azərbaycan hökumətinə və mətbuat, ifadə və insan haqlarını müdafiə qurumlarına ünvanlanıb. Bu barədə Turan Agentliyi məlumat yayıb.
Müəlliflərin iddiasına görə, jurnalist Berlində keçirilən Novruz şənliklərində iştirak edərkən “Azərbaycan Evi” təşkilatının rəhbəri Emin Qarayev və onun göstərişi ilə hərəkət edən şəxslər tərəfindən döyülərək ölümcül hala salınıb. Nəticədə, Hacıbəylinin iki qabırğası sınıb, qapalı kəllə-beyin travması alıb. Jurnalist hazırda həmin diaqnozlarla Berlin xəstəxanalarının birində müalicə alır və həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Sənəddə jurnalistin 2010-cu ilin aprelində “Azadlıq” qəzetində “Diaspora tənliyi” adlı tənqidi məqaləsinə görə təzyiqə məruz qaldığı güman edilir.
Agentliyin məlumatına görə, hadisə ilə əlaqədar Emin Qarayev Almaniya hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilib, lakin bəyanat müəllifləri cinayətin sifarişçilərinin də müəyyən olunmasını və cəzalandırılmasını zəruri sayır.
Bəyanatda həmçinin “Azərbaycan evi”nin Azərbaycanın Berlindəki səfirliyinin himayəsində olduğu qeyd edilir.

Azərbaycan Xarici İşlər nazirliyi hadisə ilə bağlı şərh verməyib. “Bu sırf kriminal hadisədir və nazirlik belə məsələlərlə bağlı şərh vermir”, - Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsi radiosuna bildiriblər.

XS
SM
MD
LG