Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi cəbhədəki durumla bağlı açıqlama yayıb


“Cəbhədə vəziyyətin gərginləşdirilməsi və hərbi təxribatların törədilməsi Ermənistanın 20 fevral tarixində Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi qanunsuz “referendum” kimi siyasi təxribatlarının davamıdır". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, "Ermənistanın siyasi və hərbi təxribatları vəziyyəti qəsdən gərginləşdirərək münaqişənin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə" çalışır.

Azərbaycan Xarici İşlər Nazirliyi hesab edir ki, təmas xəttində atəşkəsi pozmaqla Ermənistan tərəfi Xocalı faicəsinin 25 illiyi ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətinin onlara yönəlməsini istəmir.

Hikmət Hacıyev bildirir ki, eyni zamanda, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkə rəhbərliyi itirilmiş sosial bazasını və mövqeyini gücləndirmək məqsədi daşıyır.

Azərbaycan cəbhədə vəziyyətin gərginləşməsində qarşı tərəfi günahkar bilir və bəyan edir ki, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Öz növbəsində, Ermənistan Xarici İşlər Nazirliyi də son qarşıdurmada məsuliyyətin Azərbaycan tərəfinin üzərinə düşməsi barədə bəyanat yayıb.

Rəsmi hərbi məlumatlara görə, fevralın 24-dən 25-nə keçən gecə bütün cəbhə boyu irimiqyaslı qarşıdurma olub. Tərəflər ağır silahlardan da istifadə edib. Hər iki tərəfdən itkilər olduğu bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun itkilərinin olduğunu və eyni zamanda erməni tərəfinin də ciddi itkilər verdiyini bildirib. Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin atəş nöqtəsinin məhv edilməsini əks etdirdiyini bildirdiyi video görüntü də yayıb.

Erməni tərəfi də Azərbaycan tərəfinin hərbçilərinin atəşə məruz qaldığını bildirdiyi video görüntü yayıb. Bununla yanaşı, rəsmi Yerevan öz itkilərinin olmamasını etiraf etməyib və itkilər barədə də məlumat yaymayıb.

Xatırladaq ki, cəbhədəki gərginlik Azərbaycanın Xocalı faciəsinin 25-ci ildönümünü qeyd etdiyi və Ermənistanda parlament seçkiləri ərəfəsində baş verib.

Mart ayında həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir. Azərbaycan tərəfi davamlı olaraq danışıqların substantiv (nəticəsi olan-red) xarakter daşıması barədə bəyanatlarla çıxış edir. Münaqişənin dinc yolla nizamlanması ilə bağlı artıq 24 ilə yaxındır danışıqların aparılmasına baxmayaraq real nəticə qeydə alınmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG