Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi “Şuşa şəhərinin işğalının ildönümü” adlı bəyanat yayıb


Şuşa şəhərinin qədim qala divarları
Şuşa şəhərinin qədim qala divarları

Azərbaycan Xarici İşlər Nazirliyi “Şuşa şəhərinin işğalının ildönümü” adlı bəyanat yayıb.

Sənəddə deyilir ki, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub.

“İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb”.

Nazirlik bildirir ki, Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycana qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir.

“Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib, işğal edilmiş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib”.

Bəyanatda deyilir ki, 25 ildir işğal altında olan Şuşa şəhəri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir.

Şuşa şəhəri
Şuşa şəhəri

“Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidləri, Vaqifin Mavzoleyi, Natavanın evi və sair digər abidələr vardır”.

Xarici İşlər Nazirliyi bəyan edir ki, müvəqqəti işğal altında olan Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaqdır.

Sənədə BMT-nin Təhlükəsizlik Şurasının “işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən” 4 qətnaməəsinin hələ də yerinə yetirilməmədiyi vurğulanır.

“Beynəlxalq ictimaiyyət bir daha Ermənistana aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvonu heç vaxt qəbul etməyəcək. Həmçinin, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir. Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa imtina edir, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni xüsusiyyətlərini dəyişdirir, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə azərbaycanlının Dağlıq Qarabağ və işğal olunmuş ətraf yeddi rayona qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir”, sənəddə qeyd edilir.

Şuşa şəhəri (işğaldan əvvəlki görünüş)
Şuşa şəhəri (işğaldan əvvəlki görünüş)

Nazirlik Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin sayı 80 mindən artıq olan azərbaycanlı əhalisi, o cümlədən Şuşa şəhərinin 33 mindən artıq sakininin Dağlıq-Qarabağ regionuna qayıtmasını tələb edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində onların erməni icması ilə sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur.

“Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır”, bəyanatda qeyd edilir.

Ermənistan tərəfi Azərbaycan Xarici İşlər Nazirliyinin bəynataına hələ münasibət bildirməyib.

Bununla yanaşı, Ermənistan prezidenti Serj Sarkisyan Şuşa şəhərinin tutulmasının 25 illiyi ilə bağlı Dağlıq Qarabağa gəlib.

Ermənistan mediası rəsmi mənbələrə istinadən yazır ki, Şuşa şəhərinə hücum əməliyyatı 1992-ci il mayın 8-də saat 02.45 dəqiqədə başlayıb. Əməliyyatda ermənilər tərəfdən 3 800 nəfər iştirak edib.

XS
SM
MD
LG