Accessibility links

İslam Partiyası Mövsüm Səmədovun hüquqlarının pozulduğunu bildirir


Mövsüm Səmədov
Mövsüm Səmədov

Rəsmi qeydiyyatı olmayan İslam PartiyasI həbsdə olan lideri Mövsüm Səmədovun hüquqlarının pozulması ilə bağlı bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, 12 il müddətinə azadlıqdan məhrum edilən Mövsüm Səmədova qarşı Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində zorakılıq əməlləri törədilir, hüquqları kobudcasına pozulur, sakit məhbus həyatı yaşamasına şərait yaradılmır.

Bəyanatda M.Səmədovun həbs müddətinin üç ilini 11 saylı cəzaçəkmə müəssisəsində keçirdiyi, 2014-cü ilin iyununda heç bir səbəb göstərilmədən 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyü qeyd edilir.

"Son günlərdə M.Səmədova qarşı açıq düşmənçilik münasibəti bizi və ölkəmizin bütün dindar camiəsini, onu tanıyan insanları ciddi narahat etməyə bilməz. Çünki M.Səmədov Qobustan həbsxanasından qayıtdığı ayların demək olar ki, əksər vaxtını karsel və ya qapalı rejimdə keçirib".

İslam Partiyası qeyd edir ki, M.Səmədovun saxlandığı cəzaçəkmə müəssisələrinin daha sərt rejimli cəzaçəkmə müəssisəsi ilə əvəzlənməsi, cərimə təcridxanalarında saxlanması onun fiziki məhvinə ölçülməsi şübhəsini yaradır.

Partiya əlaqəli qurumları M.Səmədovun hüquqlarının müdafiəsini təmin etməyə çağırıb.

Bir neçə gün əvvəl M.Səmədovun vəkili Yalçın İmanov da müvəkkilinin durumunun yaxşı olmaması haqda açıqlama yaymışdı.

"M.Səmədova münasibətdə sistemli qanunsuzluqlar davam edir. Ona 2 dəfə töhmət, 1 dəfə xəbərdarlıq elan edilib, 1 dəfə isə 2 ay müddətinə kamera tipli otağa salınıb", vəkil qeyd edib.

Əlaqəli qurumlardan, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən M.Səmədovun vəkilinin, eləcə də İslam Partiyasının bəyanatına şərh almaq mümkün olmayıb.

M.Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq və başqa ittihamlarla saxlanıb.

O, 12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustandakı qapalı həbsxanaya köçürülüb. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edir. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq Qobustan həbsxanasında aclıq aksiyası keçirib. Məhbus prezidentlik müddətinin, səlahiyyətlərinin artırılması və başqa dəyişikliklərə etiraz edib.

XS
SM
MD
LG