ATƏT-in Minsk Qrupunun həmsədrləri 4 iyul tarixində verilmiş bəyanatın ardınca ikinci bəyanat yayıb.
Bəyanatda həmsədrlər tərəfindən 4 iyulda atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə olunaraq bildirilir.
“Biz bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçiririk”.
Həmsədrlər tərəflərə Cenevrə konvensiyaları əsasında mülki insanların qəbuledilməz tələfatına yol açan zorakı addımlardan kənar durmaq barədə öhdəliklərini xatırladır.
“Biz tərəflərə müraciət edərək gərginliyin aradan qaldırılması və 1994-1995-ci il atəşkəs haqqında razılaşlaşmara ciddi riayət edilməsi üçün tədbirlər görməyə çağırırıq”, sənəddə qeyd edilir.
“Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli üçün danışıqların mümkün olan ən tez bir zamanda bərpası zərurətini vurğulayır. Bu, regionun bütün xalqları üçün sülh, çiçəklənmə və həqiqi barışıq gətirmək üçün yeganə yoldur”, həmsədrlər bildirir.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2-ci bəyanatını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 4 iyul tarixində Fizuli rayonunun Alxanlı kəndində baş verən hadisələr ilə əlaqədar 2-ci bəyanatı həmsədrlər tərəfindən verilən o açıqlamalar sırasına aiddir ki, burada təxribatların kimin tərəfindən törədilməsi, Cenevrə konvensiyalarının və danışıqlar prosesinin kimin tərəfindən pozulması aydın şəkildə bəlli olur. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən son bəyanatda 4 iyul tarixində Fizuli rayonunun Alxanlı kəndində baş verən hadisələr təxribat kimi qiymətləndirilib", o qeyd edib.
O hesab edir ki, Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini minaatan və dəzgahlı qumaratanlardan atəşə tutması nəticəsində azyaşlı qızcığazın və onun nənəsinin həlak olması və digər qadının ağır yaralanması Ermənistanın tərəfindən danışıqlar prosesinin və həmsədrlərinin səylərinin pozulmasına hesablanıb.
"Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir və münaqişənin danışıqlar yolu ilə həllinə başlıca əngəldir. Münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır", Hacıyev deyib.
Ermənistan mediası rəsmi mənbələrə istinadən bildirir ki, erməni tərəfi Azərbaycan hərbi qüvvlərini mülki əhalidən sipər kimi istifadə etməkdə günahlandırıb. Rəsmi Yerevan Alxanlı kəndinfəki hərbi obyektə atəş açdığını bildirib.
İyulun 6-da Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri Azərbaycanda akreditə olunun diplomatik korpusların hərbi attaşelərinin və xarici media vasitələrinin hadisənin baş verdiyi Füzuli rayonunun Alxanlı kəndinə səfərini təşkil edib. Hərbi attaşelər və jurnalistlər hadisə yerində olub, yerli sakinlərlə görüşüb.