Accessibility links

Beynəlxalq Cəzasızlığa qarşı Mübarizə Günü - Azərbaycanda iki jurnalistin qatilləri hələ də azadlıqdadır


Elmar Hüseynov

23 noyabr dünyada Beynəlxalq Cəzasızlığa qarşı Mübarizə Günü kimi qeyd edilir.

Beynəlxalq Cəzasızlığa qarşı Mübarizə Günü 2009-cu ildə Filippində jurnalistlərin kütləvi qətlləri ilə bağlı qeyd edilir.

Təsadüfdən bu gün, 2011-ci il noyabrın 23-də Azərbaycanda yazıçı-publisist Rafiq Tağı bıçaqlandıqdan sonra xəstəxanada dünyasını dəyişib. Onun ölümündən 8 il keçməsinə baxmayaraq, qatilləri hələ də tapılmayıb.

Bundan əvvəl isə 2005-ci il martın 2-də Monitor jurnalının baş redaktoru Elmar Hüseynov evinin astanasında odlu silahla qətlə yetirilib. Elmar Hüseynovun qatilləri də azadlıqdadır.

2005-ci ilin mayın 4-də Azərbaycan Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq bildirib ki, Elmar Hüseynovun qətlində Gürcüstan vətəndaşı Tahir Xubanovun iştirakı müəyyənləşib. 2005-ci il mayın 20-də istintaq qətldə şübhəli bilinən daha bir Gürcüstan vətəndaşının - Teymuraz Əliyevin adını açıqlayıb.

26 iyul 2005-ci ildə Bakının Nizami rayon Məhkəməsi Tahir Xubanov və Teymuraz Əliyev üçün mobil telefon və nömrə almaqda təqsirli bilinən Turqay Bayramovu 2 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bayramov cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Rasim Əliyev vəfat edib
Rasim Əliyev vəfat edib

25 iyul 2006-cı ildə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. O, jurnalist Elmar Hüseynovu keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin sifarişi ilə öldürdüyünü deyib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

Rəsmi qurumlar indiyədək qətldə iştirak etdiyini bildirdiyi Gürcüstan vətəndaşlarını istintaqa cəlb edə bilməyib.

Elmar Hüseynovun ailəsi və müstəqil təhqiqat qrupu Azərbaycan hökumətinin qətlin üstünün açılmasında maraqlı olmaması barədə dəfələrlə bəyanatlarla çıxış edib.

13 aprel 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Elmar Hüseynovun qətli ilə bağlı istintaqa dair qərarında Azərbaycanın jurnalistin yaşamaq hüququnu pozduğunu bildirib.

Yazıçı-publisist Rafiq Tağı xəstəxanada (21 noyabr 2011-ci il)
Yazıçı-publisist Rafiq Tağı xəstəxanada (21 noyabr 2011-ci il)

Rafiq Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxs tərəfindən yaşadığı binanın yaxınlığında bıçaqlanıb. Bundan bir neçə gün sonra, noyabrın 23-də xəstəxanada qəfildən vəfat edib. O, ölümündən az əvvəl bıçaqlanmasını İran siyasi hakimiyyətini tənqid etməsi ilə bağlayıb.

Ancaq İranın Bakıdakı səfirliyi jurnalistin iddiasını inkar edib. Səfirlik bildirib ki, jurnalistin bıçaqlanmasının İranla bağlanması təxribatdır.

Azərbaycan hüquq-mühafizə orqanları Rafiq Tağının ölümü ilə bağlı cinayət işi üzrə hələ heç kimi təqsirli bilməyib, qəsdin motivləri barədə açıqlama verməyib.

Rafiq Tağı “Sənət” qəzetində dərc etdirdiyi “Avropa və biz” publisistik yazısına görə 2006-cı ildə həbs edilib. Bu yazıda müəllif azadlıq və humanizm ideyalarının Avropada yarandığını, yalnız burada işlək və real olduğunu açıqlayıb. Elə o üzdən də, xristianlığın Avropada oturuşmuş hala gəldiyi fikrinə gəlib.

Mehman Qələndərov
Mehman Qələndərov

Bu məqaləyə görə yazıçı milli, irqi və dini ədavətin qızışdırılması iddiası ilə həbs olunub və 3 il azadlıqdan məhrum edilib. Yazıçı 2007-ci il dekabrın 28-də prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

O zaman iranlı ayətullah Fazil Lənkərani Məhəmməd Peyğəmbəri təhqir etdiyi iddiası ilə onun ölümünə fətva vermişdi.

2011-ci il noyabrın 10-da Rafiq Tağı “İran və qloballaşmanın qaçılmazlığı” adlı məqaləsini dərc etdirdikdən sonra, noyabrın 19-da bıçaqlanıb.

Bununla yanaşı, hüquq müdafiəçiləri bloger Mehman Qələndərovun təcridxanada müəmmalı şəritdə ölümü, jurnalist Rasim Əliyevin döyülərək ağır xəsarətlər aldıqdan sonra xəstəxanada ölməsi ilə bağlı da cəzasızlığın olduğunu bildirib.

XS
SM
MD
LG