BMT-nin ali məhkəməsinin bu gün çıxardığı qərara görə,1990-cı illərdə Xorvatiya Yuqoslaviyadan ayrılan zaman Balkan müharibəsində nə Xorvatiya, nə də Serbiya soyqırım həyata keçirib.
Beynəlxalq Ədalət Məhkəməsinin hakimi Piter Tomkanın hökmündə deyilir ki, hər iki qüvvə çoxsaylı cinayətlər törətsə də, 20 minə yaxın insanın həyatına son qoyan münaqişə zamanı heç bir ölkə qarşı tərəfin soyqırım həyata keçirdiyini sübuta yetirə bilməyib.
Xorvatiya 1999-cu ildə Serbiyanı beynəlxalq məhkəməyə verərək serbləri xorvatların kütləvi şəkildə ölümü, işğəncə, deportasiyaya məruz qalması və həbsində ittiham edib. İttihamnamədə deyilirdi ki, serb silahlıları və Yuqoslaviya əsgərləri Vukovar və ətraf ərazilərə nəzarəti ələ alandan sonra xorvatlara qarşı müharibə cinayətləri həyata keçirib.
2010-cu ildə isə Serbiya Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək 1995-ci ildə xorvatların əks-hücumu nəticəsində 200 mindən çox serbin deportasiya edildiyinə dair ittiham irəli sürüb.
Hər iki ölkə beynəlxalq məhkəmənin qərarını qəbul edəcəyini açıqlamışdı. Ancaq bu qərarın ölkələrdə siyasi gərginliyə yol aça biləcəyi ilə bağlı narahatlıqlar var.