Accessibility links

Beynəlxalq tribunal Radovan Karadziçə qarşı ittihamlardan birini geri götürüb


Keçmiş Yuqoslaviya üzrə BMT-nin müharibə cinayətləri tribunalının hakimləri Bosniya serblərinin lideri Radovan Karadziçə qarşi irəli sürülmüş iki soyqırım ittihamlarından birini ləğv edib.

Haaqada baş hakim O-Qon Kvon bildirdi ki, 1992-95-ci illərdə Bosniyanın şəhər və kəndlərində serblər tərəfindən törədilən qətllərin soyqırım anlamına uyğun gəldiyini əsaslandırmaq üçün prokurorlar kifayət qədər dəlil təqdim etməyiblər.

Lakin hakimlər Karadziçə qarşı digər ittihama əsasən 8,000 müsəlman kişi və oğlanın Serbrenitsada qırılmasının soyqirım kimi qiymətləndirilməsini quvvədə saxladı.

Karadziç müharibə cinayətləri və insanlığa qarşı cinayətlər üzrə doqquz maddə üzrə ittihamla üzləşir. Bu ittihamlar sırasına qeyri-serblərin öldürülməsi, deportasiyası, və soyqırımı daxildir.

Karadziçin vəkilləri öz sübutlarını 16 oktyabrda təqdim etməyə hazırlaşırlar. Əgər sübut olunarsa, sabiq lider ömürlük həbs cəzasına məhkum edilə bilər.
XS
SM
MD
LG