Accessibility links

Beynəlxalq təşkilatlar jurnalist Eynulla Fətullayevin dərhal həbsdən azad edilməsini tələb edir


Beynəlxalq təşkilatlar jurnalist Eynulla Fətullayevin dərhal həbsdən azad edilməsini tələb edir
Beynəlxalq təşkilatlar jurnalist Eynulla Fətullayevin dərhal həbsdən azad edilməsini tələb edir

“Sərhədsiz reportyorlar” təşkilatı Eynulla Fətullayevi narkotik maddə saxlamaqda ittiham edərək 30 ay azadlıqdan məhrum edən Qaradağ Rayon Məhkəməsinin qərarından şoka düşüb

Mərkəzi qərargahı Parisdə olan “Sərhədsiz reportyorlar” təşkilatı Eynulla Fətullayevi narkotik maddə saxlamaqda ittiham edərək 30 ay azadlıqdan məhrum edən Qaradağ Rayon Məhkəməsinin qərarından şoka düşüb. Müxalifətdə olan “Realnıy Azerbaydjan” qəzetinin redaktoru 2007-ci ilin aprelindən həbsxanadadır, 2009-cu ilin dekabrında koloniyada onun əşyalarında heroin aşkar edilib. “Biz bu yeni hökmü pisləyirik və onu hakimiyyətin tənqid edən səsləri boğmaq cəhdlərinə əlavə sübut hesab edirik. Bu, hakimiyyətin Avropa İnsan Hüquqları Məhkəməsinin Fətullayevin dərhal azad olunmasını tələb edən 22 aprel tarixli qərarına məhəl qoymadığını göstərir”, - deyə təşkilatın bəyanatında deyilir.
“Bu hökm ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfərindən bir sutka sonra çıxarılıb. Belə ki, Klinton iki bloger - Adnan Hacızadə və Emin Millinin məhkum olunmasından, həmçinin saxta ittihamlarla həbs olunanlar ilə bağlı narahatlığını bildirib.
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç də jurnalistin daha 2,5 il müddətinə məhkum edən Qaradağ Rayon Məhkəməsinin qərarını pisləyib.
"Mən bu qərardan çox məyus olmuşam. Bu, Azərbaycan mətbuatının ağzını şübhəli ittiham ilə yummağa növbəti cəhddir", - xanım Miyatoviç bildirib.
Amnesty International və mərkəzi qərargahı Nyu-Yorkda olan Jurnalistləri Müdafiə Komitəsi də məhkəmənin qərarını pisləyən bəyanatlar yayıb.
"Azərbaycan hakimiyyəti bir daha göstərdi ki, tənqidi səsləri boğmaq üçün hər şey edə bilər", deyən Amnesty International - nin Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Andrea Uber qeyd edib.

O hesab edir ki, cənab Fətullayev dərhal həbsdən azad edilməli, ona qarşı cinayət işinə isə xitam verilməlidir.
Jurnalistləri Müdafiə Komitəsinin nümayəndəsi Nina Oqnyanova məhkəmənin jurnalistə qarşı narkotik saxlamaq ittihamını saxta adlandırıb və Apellyasiya Məhkəməsini bu qərarı ləğv etməyə çağırıb.

XS
SM
MD
LG