Accessibility links

Bayden: "Rusiyanın Ukraynaya müdaxiləsi ehtimalı yüksəkdir"


Ağ Evdən verilən açıqlamaya görə, ABŞ prezidenti Co Bayden cümə axşamı Ukrayna prezidenti Vladimir Zelenskiyə xəbərdarlıq edib ki, Rusiyanın gələn ay Ukraynaya müdaxilə edə biləcəyi ilə bağlı “yüksək ehtimal” var.

“Prezident Bayden rusların fevral ayında Ukraynaya müdaxilə ehtimalının yüksək olduğunu bildirib. O, bunu açıq şəkildə deyib və biz aylardır bu barədə xəbərdarlıq edirik" – deyə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn qeyd edib.

Rusiya cümə axşamı bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın NATO-ya üzvlüyünə qadağa qoyulması və Qərbin Rusiya ilə həmsərhəd ölkələrdən qoşunları və silahlarını geri çəkməsi tələbini rədd etdikdən sonra Şərqi Avropada gərginliyin azalacağına dair “nikbinlik üçün çox az əsas var”.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, ABŞ-ın onların tələblərinə cavabı “müsbət cavab ehtiva etmir”, lakin onun bəzi elementləri “ikinci dərəcəli məsələlərlə bağlı ciddi danışıqlara” səbəb ola bilər. ABŞ və onun Avropalı müttəfiqləri Moskvanın əsas tələblərini rədd ediblər.

Kremlin baş diplomatı bildirib ki, rəsmilər prezident Vladimir Putinə təklifləri təqdim edəcəklər. Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın reaksiyasının tezliklə veriləcəyini deyib və əlavə edib ki, “dialoqun davam etdirilməsi üçün həmişə perspektivlər var. Bu, həm bizim, həm də amerikalıların maraqlarına uyğundur”.

Bayden gərginliyin artdığı zamanı ABŞ və müttəfiqlərinin dəstəyinə əmin etmək üçün cümə axşamı prezident Zelenski ilə danışıb. Daha sonra Ukrayna lideri Twitter hesabında yazıb ki, o, Baydenlə Ukraynaya əlavə maliyyə dəstəyi haqqında da söhbət aparıb.

Ukrayna, Rusiya, Fransa və Almaniya rəsmiləri çərşənbə günü Parisdə danışıqlar aparıb və fevralın ikinci həftəsində Berlində danışıqların növbəti mərhələsinin keçirilməsi haqda razılıq əldə edib. Kremlin nümayəndəsi Dmitri Kozak bildirib ki, tərəflər Ukraynanın şərqində rəsmi atəşkəs rejiminin saxlanması barədə razılığa gəliblər.

XS
SM
MD
LG