Accessibility links

Co Bayden 2022-ci ilin ilk mətbuat konfransını keçirəcək


ABŞ Prezidenti Co Bayden vəzifədəki birinci ildönümünün ərəfəsində, çərşənbə günü Ağ Evdə mətbuat konfransı keçirəcək. Onun gündəmindəki iki əsas qanun layihəsi Konqresdə ilişib qalıb, COVID-19 pandemiyası isə ölkə və dünyanı dağıtmağa davam edir.

Prezident Baydenin 2022-ci ildəki ilk mətbuat konfransı onun rəy sorğularındakı dəstəyi ABŞ qüvvələrinin ötən sentyabr Əfqanıstandan xaotik şəkildə çıxmasından bəri davamlı şəkildə azaldığı bir vaxta təsadüf edir. Onun ortalama dəstək reytinqi 40 faizdən bir az yuxarıdır. Ötən həftə Quinnipiac Universitetinin açıqladığı rəy sorğusunun nəticəsində görə isə Baydenin dəstək reytinqi 33 faiz olub.

Prezidentin aşağı dəstək reytinqinə onun koronavirus pandemiyası ilə mübarizəsi səbəb olub. Pandemiya administrasiyanın intensiv vaksiynasiya kampaniyasına baxmayaraq artıq üçüncü ilinə daxil olur. İctimai sağlamlıq ekspertləri administrasiyanı koronavirusun delta və omikron variantlarının üzə çıxmasına hazırlaşmadığına, habelə COVID-19-a qarşı test imkanlarını artırmadığına görə tənqid edib.

Bayden ölkənin dağılan infrastrukturunu dəstəkləmək üçün 1 trilyon dollarlıq paketin təsdiqlənməsinə nail olsa da, onun ABŞ-da sosial sığorta və iqlim dəyişikliyi paketlərinin daxil olduğu 1.8 trilyon dəyərində “Build Back Better” qanun layihəsini təsdiqləmək cəhdləri nəticə verməyib. Senat onun mənsub olduğu Demokratlar partiyasının üzvü, mötədil Co Mançinin etirazı səbəbilə qanunu təsdiq etməyib. Mançin bərabər sayda Demokratlar və Respublikaçıların olduğu 100 üzvlük Senatda kritik səsə sahibdir.

Reuters xəbər verir ki, Ağ Ev Mançinin dəstəyini qazanmaq üçün “Build Back Better” qanun layihəsindən uşaqlar üçün maddi dəstək və ödənişli valideyn məzuniyyəti kimi müddəaları çıxarmağa hazırlaşır.

Mançin və digər mötədil Demokrat senator arizonalı Kirsten Sinema Senatın Baydenin dəstəklədiyi səsvermə hüququ ilə bağlı iki əsas qanun layihəsini blok edirlər, çünki onlar qanun layihəsi üzərində yekun səsvermənin keçirilməsi üçün Senatın 100 üzvündən 60-nın səsini tələb edən qaydanın dəyişdirilməsinə etiraz edirlər.

Çərşənbə günü keçirilən mətbuat konfransı Baydenin prezidentliyi müddətində keçirdiyi 10-cu ətbuat konfransıdır. Bu isə Corc H.W. Buşdan bəri prezidentlər arasında ən aşağı rəqəmdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG