Accessibility links

Bayden administrasiyası silahlı cinayətlərlə mübarizədə yeni addımlar atır


ABŞ prezidenti Co Bayden silah cinayətləri ilə mübarizədə administrasiyasının yeni addımını vurğulamaq üçün cümə axşamı Nyu-Yorka səfər edir.

Ağ Ev bildirib ki, bu təşəbbüs ştatlararası odlu silahların qaçaqmalçılığına qarşı mübarizəni əhatə edir. Buna ölkənin cənub-şərq hissəsində satılan və sonradan Nyu-York kimi bölgələrdə cinayətlərdə istifadə edilən silahlar da daxildir.

Bayden administrasiyası həmçinin seriya nömrələri olmayan, xəyalət silahlar kimi tanınan evdə hazırlanmış silahlardan istifadə edənləri daha yaxşı araşdırmaq və mühakimə etmək üçün bir proqram yaradır.

Diqqət göstərilən digər məsələ sonradan zorakı cinayətdə istifadə edilən silahı qanunsuz olaraq satanların federal təqibinə üstünlük verilməsidir. Eyni zamanda, Ədliyyə Departamentinin bu ərazilərdə cinayətə səbəb olan spesifik amillərin müəyyən edilməsi və aradan qaldırılması üçün yerli və əyalət hüquq-mühafizə orqanları ilə ortaq olmasıdır.

Cümə axşamı səfəri zamanı Bayden və Baş Prokuror Merrik Qarland Nyu York meri Erik Adams və Nyu York əyalətinin qubernatoru Keti Hokul ilə idarələrarası silahlı zorakılıq görüşündə iştirak edəcək və cinayətlərin qarşısını almaq üçün icma müdaxiləsi səyləri barədə yerli liderlərlə danışacaqlar.

İlin əvvəlində vəzifəyə başlayan Adams, silah zorakılığı ilə mübarizə üçün öz proqram planını hazırlayıb. Silah alveri, gənclərin məşğulluğunun və psixi sağlamlıq xidmətlərinin artırılması kimi oxşar məsələlər bu proqramda yer alıb.

"Biz bu silah zorakılığı epidemiyasına son qoymaq və küçələrimizə əsl sülh və təhlükəsizlik təmin etmək üçün iş görməliyik", - deyə Adams çərşənbə günü qeyd edib.

Keçən ay Nyu-Yorkda iki zabit atışma zamanı həlak olub.

XS
SM
MD
LG